ELM VƏ TƏHSİL
Akademik Teymur Bünyadovun 90 illik yubileyi qeyd edilib
Bakı, 23 fevral, AZƏRTAC
Beynəlxalq Muğam Mərkəzində görkəmli tarixçi-etnoqraf alim, Əməkdar Elm Xadimi, akademik Teymur Bünyadovun 90 illik yubileyi qeyd edilib.
Tədbir Beynəlxalq Muğam Mərkəzi və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Folklor İnstitutunun birgə təşkilatçılığı ilə reallaşıb.
Beynəlxalq Muğam Mərkəzindən AZƏRTAC-a bildirilib ki, tədbiri giriş sözü ilə açan AMEA-nın Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov T.Bünyadovun həyat və yaradıcılığı haqqında məlumat verib.
Bildirilib ki, akademik 856 elmi əsərin, o cümlədən 35 kitab və monoqrafiyanın, 821 elmi məqalənin, “Göz yaşları” romanının, üçcildlik bayatılar kitabının müəllifidir.
Gecədə Xalq Şairi Nəriman Həsənzadə, akademik Nizami Cəfərov, filologiya elmləri doktoru, professorlar Qəzənfər Paşayev, Şirindil Alışanov, Şahin Fərzəliyev, YAP Yasamal təşkilatının sədri Tağı Əhmədov və başqaları yubilyarı təbrik edib, xoş arzularını bildiriblər.
Tədbir respublikanın tanınmış ifaçılarının konsert proqramı ilə davam edib. Konsertdə ifaçıları Nuriyyə Hüseynovanın bədii rəhbərliyi ilə “Qorqud” adına folklor ansamblı müşayiət edib.
Sonda akademik Teymur Bünyadov çıxış edərək tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirib.