ELM VƏ TƏHSİL


Akademik Teymur Kərimli: Dil siyasəti dövlət səviyyəsində nəzarətdə saxlanılır

Bakı, 24 may, AZƏRTAC 

Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin mayın 24-də keçirilən iclasında akademik Teymur Kərimli "Müasir Azərbaycan dilini necə bilirik? Problemin qoyuluşu və həlli yolları" mövzusunda məruzə ilə çıxış edib.

AZƏRTAC xəbər verir ki, akademik məruzəsində mühüm geosiyasi mövqeyə malik Azərbaycanın tarixboyu müxtəlif mədəniyyətlərin, dillərin kəsişmə nöqtəsi olduğuna görə multikultural və çoxdilli ölkə kimi tanındığını bildirib. Qloballaşan dünyada dillərin bir-birinə qarşılıqlı təsiri və zənginləşmə prosesinin özünü daha güclü şəkildə göstərdiyini deyən T.Kərimli müxtəlif amillərin, təbii-coğrafi, siyasi-iqtisadi şəraitin təsiri altında bir sıra qədim və müasir dillərin məhv olduğunu nəzərə çatdırıb.

Məruzəçi müstəqillik dövründə Azərbaycan dilinin saflığına həmişə diqqət və qayğı göstərildiyini vurğulayaraq deyib: "Ulu öndər Heydər Əliyev dövlət dilinin qorunmasına müstəqil dövlət quruculuğunun prioritet istiqaməti kimi yanaşıb, dilimizlə bağlı dərin məzmunlu fikirlərində Azərbaycan ədəbi dilinin saflığının təmin edilməsinə xüsusi diqqət yetirib. Prezident İlham Əliyev Ümummilli Liderin dil siyasətini inamla davam etdirərək Azərbaycan dilinin tədrisinin və tədqiqinin yaxşılaşdırılması, işləkliyinin genişləndirilməsi və saflığının qorunmasını təmin edib".

Müasir zamanda dilimizə sirayət edən ən təsirli mənbənin kütləvi informasiya vasitələri olduğunu söyləyən akademik son illər bu sahədə dövlət səviyyəsində görülən işlərdən danışıb: "Dil siyasəti dövlət səviyyəsində nəzarətdə saxlanılır və Milli Televiziya və Radio Şurası tərəfindən bu istiqamətdə müxtəlif tədbirlər həyata keçirilir. Bu tədbirlərdə AMEA-nın alim və mütəxəssisləri yaxından iştirak edirlər. Qarşıda görüləcək işlər çoxdur. Bu işlərin böyük bir hissəsi Akademiyanın, Humanitar Elmlər Bölməsinin, Dilçilik İnstitunun üzərinə düşür".

Hər bir dilin fonetik, morfoloji, leksik və sintaktik səviyyələrdən ibarət olduğunu deyən T.Kərimli dilimizdə bu istiqamətlərdə rast gəlinən pozuntular haqqında geniş məlumat verib, problemlərin aradan qaldırılması üçün müəyyən mexanizmin hazırlanmasının vacibliyini vurğulayıb. Akademik məruzəsinin sonunda dilimizin saflığının qorunması, dilçilik elminin nəzəriyyəsi və praktikasının inkişafı üçün təkliflər səsləndirib.

Məruzə dinlənildikdən sonra müzakirələr aparılıb, suallar cavablandırılıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.