ELM VƏ TƏHSİL


Akademik Vahab Əliyev Azərbaycanda neft emalı elminin yaradıcılarındandır

Bakı, 9 oktyabr, Pərvanə İmanova, AZƏRTAC

Oktyabrın 9-da Bakıda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) və AMEA-nın akademik Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun (NKPİ) birgə təşkilatçılığı ilə görkəmli kimyaçı alim, texnika elmləri doktoru, Dövlət mükafatları laureatı, Əməkdar elm və texnika xadimi, akademik Vahab Əliyevin anadan olmasının 110 illik yubileyinə həsr edilən “Neft emalı və neft kimyasının innovativ inkişaf perspektivləri” mövzusunda beynəlxalq elmi-praktik konfrans işinə başlayıb.

AZƏRTAC xəbər verir ki, Neft-Kimya Prosesləri İnstitutunda təşkil olunan konfransda Rusiya, Ukrayna, Belarus, Misir və digər ölkələrdən alimlər iştirak ediblər.

İnstitutun direktoru, akademik Vaqif Abbasov bildirib ki, konfransın keçirilməsində əsas məqsəd görkəmli alimin neft kimyası və neft emalının inkişafındakı rolunun bir daha işıqlandırılması, dünyada aparılan elmi tədqiqatların inteqrasiyası və müasir prioritetlərin müəyyənləşdirilməsidir. Qeyd edilib ki, Vahab Əliyev neft kimyası və neft xammalının emalı sahəsində tanınmış görkəmli alim olmaqla, Azərbaycanda neft emalı elminin və istehsalatının yaradıcılarındandır. Uzun illər NKPİ-nin direktoru olmuş alimin rəhbərliyi ilə qaynar lay texnologiyasının nəzəri əsasları işlənib hazırlanıb və bir çox kimyəvi proseslərə tətbiq edilib. Bu sahədə kadrların hazırlanmasında alimin mühüm xidmətləri olub. Mərhum akademik yeddi elmlər doktoru, 30 fəlsəfə doktoru yetişdirib. Onun elmi tədqiqatlarının nəticələri 755 elmi əsərdə, o cümlədən 5 monoqrafiya, 350 müəlliflik şəhadətnaməsi və patentdə əksini tapıb.

Müəllimi Vahab Əliyevlə bağlı xatirələrini bölüşən Vaqif Abbasov onun yüksək mənəvi keyfiyyətlərindən söz açıb, mərhum akademiki səmimi və qayğıkeş insan, gözəl müəllim, bacarıqlı elm təşkilatçısı kimi səciyyələndirib.

Sonra NKPİ-nin şöbə müdiri, texnika elmləri doktoru, professor Leylufər Əliyevanın görkəmli alimin həyat və fəaliyyəti barədə məruzəsi dinlənilib. Bildirilib ki, respublika neft sənayesinin inkişafında əvəzsiz xidməti olmuş Vahab Əliyev sənayedə tətbiq olunan bir çox orijinal proseslərin müəllifidir. Onun rəhbərliyi altında Azərbaycan alimləri dünyada ilk dəfə olaraq katalizatorun qaynar lay texnikasının nəzəri əsaslarını işləyib hazırlayıb, neft emalı sənayesi üçün böyük əhəmiyyət kəsb edən bir sıra texnoloji proseslər və təkmilləşmələri tətbiq ediblər. Yalnız Azərbaycanda deyil, yaxın və uzaq xarici ölkələrdə də tətbiq edilən orijinal texnoloji proseslər - katalizatorun qaynar layında katalitik krekinq, qaynar layda butanın butilenə dehidrogenləşməsi, neftin emala hazırlanması, karbamid məhlulunda yağ və yanacağın deparafinləşməsi prosesləri onun rəhbərliyi altında işlənib hazırlanıb.

Konfransda akademiklər Məhərrəm Məmmədyarov, Musa Rüstəmov və başqaları görkəmli alimlə bağlı xatirələrini bölüşüb, onun Azərbaycan elminə verdiyi töhfələrdən danışıblar.

Tədbirdə Vahab Əliyevin həyat və fəaliyyətinə həsr olunan videoçarx göstərilib.

İkigünlük konfransda “Neft emalı və neft-kimyasının perspektiv istiqamətləri”, “Yaşıl kimya” və qaz kimyası”, “Neft kimyasında nanotexnologiyalar və perspektivli nanomateriallar”, “Oliqomerlər kimyasında innovativ sintezlər və texnologiyalar” bölmələri üzrə dörd plenar, 80 şifahi və yüz stend məruzə dinləniləcək.

Konfrans oktyabrın 10-da başa çatacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.