ELM VƏ TƏHSİL
Akademik Vaqif Fərzəliyev: Dünyada sürtkü yağları ilk dəfə Azərbaycanda istehsal olunub
Bakı, 5 dekabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun rəhbərliyi AMEA-nın Təcrübə-Sənaye Zavodunda olub. Alimlər zavod mühəndislərinin iştirakı ilə respublikanın sürtkü materiallarına olan tələbatının ödənilməsi mövzusunda müzakirələr aparıblar.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, tədbirdə bu elm müəssisəsinin direktoru, akademik Vaqif Fərzəliyev dünyada sürtkü yağlarının ilk dəfə Azərbaycanda istehsal olunduğunu söyləyib. Akademik vurğulayıb ki, Azərbaycan SSRİ dövründə də sürtkü yağlarının əsas istehsalçısı olub və bu prosesdə Aşqarlar Kimyası İnstitutu önəmli rol oynayıb.
Diqqətə çatdırılıb ki, son illərdə respublikamızın müxtəlif növ sürtkü yağlarına olan tələbatını ödəmək məqsədilə Aşqarlar Kimyası İnstitutu tərəfindən yaradılmış aşqarlar əsasında müxtəlif təyinatlı dizel mühərrikləri üçün bir sıra motor yağları, müxtəlif növ nəqliyyat vasitələri üçün isə transmissiya yağları yaradılıb, istehsalı sənaye və təcrübi-sənaye miqyasında təşkil edilib.
V.Fərzəliyev Təcrübə-Sənaye Zavodu ilə əməkdaşlığın bu istiqamətdə fəaliyyətin daha da genişləndirilməsinə mühüm töhfə verəcəyini vurğulayıb.
Sonra zavodun direktoru Vasif Abbasov burada AMEA rəhbərliyinin təşəbbüsü ilə müasir standartlara uyğun sürtkü materiallarının istehsalına imkan verən istehsal qurğuları və müasir laboratoriyaların yaradıldığını bildirib. V.Abbasov Aşqarlar Kimyası İnstitutu ilə Təcrübə-Sənaye Zavodu arasında əməkdaşlığın respublikanın sürtkü materiallarına olan tələbatının ödənilməsinə təkan verəcəyini deyib.