ELM VƏ TƏHSİL


Akademik Vasim Məmmədəliyevin 80 illiyi elmi sessiya ilə qeyd olunub

Bakı, 26 dekabr, AZƏRTAC

Dekabrın 26-da AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda görkəmli şərqşünas alim Vasim Məmmədəliyevin 80 illiyinə həsr olunmuş “Vasim Məmmədəliyev-80” mövzusunda elmi sessiya keçirilib.

Bu barədə AZƏRTAC-a Şərqşünaslıq İnstitutundan bildirilib. Elmi sessiyanı giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən, Şərqşünaslıq İnstitutunun baş direktoru akademik Gövhər Baxşəliyeva bildirib ki, ziyalı adının məsuliyyətini çiyinlərində ləyaqətlə daşımış akademik Vasim Məmmədəliyev həm elmi ictimaiyyət və xalq arasında, həm də Vətənimizin hüdudlarından kənarda böyük şöhrət qazanıb. Vasim Məmmədəliyevin çoxşaxəli elmi-pedaqoji fəaliyyətindən söz açan akademik G.Baxşəliyeva onun ilk dəfə ərəb qrammatika məktəblərini sistemli şəkildə tədqiq etdiyini, əsas tədqiqat sahəsinin ərəb dilçiliyi olmasına baxmayaraq, əsərlərində Şərq poeziyası, İslam tarixi, kəlam, fəlsəfə, təfsir, quranşünaslıqla da bağlı ən mühüm məsələlərinin tədqiq olunduğunu və bu sahələrdə də qiymətli əsərlərin müəllifi olduğunu bildirib.

Şərqşünaslıq İnstitutunun Ərəb filologiyası şöbəsinin elmi işçisi Gülşən Həmidli “Müasir ərəbşünaslığın ən görkəmli nümayəndəsi” mövzusunda məruzəsində Vasim Məmmədəliyevin dilçilik sahəsində fəaliyyətindən danışıb. Alimin “Ərəb ədəbi dilində felin zaman, şəxs və şəkil kateqoriyaları”, “Ərəb dilçiliyi” “Bəsrə qrammatika məktəbi”, “Küfə qrammatika məktəbi” və. s əsərlərinin ərəb linqvistikasının vacib məsələlərinə həsr olunduğunu deyən məruzəçi Vasim Məmmədəliyevin bu əsərləri ilə ərəb ölkələrində tanındığını qeyd edib.

İnstitutun Din və ictimai fikir tarixi şöbəsinin aparıcı elmi işçisi fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Elvüsal Məmmədov “Akademik Vasim Məmmədəliyevin ilahiyyat və islamşünaslığa töhfələri” adlı məruzəsində mərhum akademikin ərəb filologiyası problemləri ilə yanaşı, həm də islamşünaslıq və ilahiyyat məsələləri ilə məşğul olan hərtərəfli elm nəhəngi olduğunu bildirib. O qeyd edib ki, Vasim Məmmədəliyevin ilahiyyat və islamşünaslıq sahələrində əsas tədqiqat istiqaməti quranşünaslıq olub.

“Böyük alim, alicənab insan” mövzusunda məruzə edən Şərqşünaslıq İnstitutunun icraçı direktoru filologiya üzrə fəlsəfə doktoru, dosent Ruhəngiz Cümşüdlü Vasim Məmmədəliyevin Azərbaycan milli ictimai şüurunun zənginləşməsində böyük rolundan danışıb. O, ölkəmizdə ərəbşünaslığın elmi şəkildə bir məktəb kimi formalaşmasının və inkişafının məhz Vasim Məmmədəliyevin fəaliyyəti ilə əlaqədar olduğunu söyləyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.