ELM VƏ TƏHSİL


Akademik Yaqub Mahmudov Əmir Teymurun 685 illiyinə həsr olunmuş beynəlxalq konfransda məruzə edib

Bakı, 14 aprel, AZƏRTAC

Özbəkistan Elmlər Akademiyasının Tarix İnstitutunun təşkilatçılığı ilə böyük sərkərdə və dövlət xadimi Əmir Teymurun anadan olmasının 685 illiyinə həsr edilmiş beynəlxalq onlayn konfrans keçirilib.

Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib. Bildirilib ki, konfransı Özbəkistan Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru Azamat Ziyo açıb. Sonra konfransda əsas məruzəçi kimi Azərbaycanın görkəmli tarixçi-alimi, akademik Yaqub Mahmudov “Dünya tarixinin dahi sərkərdəsi Əmir Teymur” mövzusunda çıxış edib.

Yaqub Mahmudov deyib ki, Əmir Teymurla İldırım Bəyazid, Uzun Həsənlə Fateh Sultan Mehmet, Şah İsmayılla Sultan Səlim, Şah Təhmasiblə Sultan Süleyman qarşı-qarşıya qoyulmamalıdır. Bu qarşıdurmada Qərb diplomatiyasının mühüm rolu olub. Hazırda Qərbdə türk dünyasının tarixi şəxsiyyətləri aşağılanır, amma İsgəndər, Sezar, Napoleon kimi şəxsiyyətlər isə mədh edilir.

“Ayağını yüngülcə çəkdiyi üçün düşmənlərinin həqarətlə “Axsaq Teymur”, “Topal Teymur”, “Teymurləng”, “Tamerlan” adlandırdığı Əmir Teymur uzaqgörən dövlət xadimi idi. İşğal etdiyi ölkələrdə elm-sənət adamlarına, sənətkarlara, tacirlərə toxunmazdı. Dünyanın ən məşhur sənətkarlarını imperiyanın paytaxtı olan Səmərqəndə göndərər və bu gün dünyanı heyran qoyan Səmərqənd abidələrinin ucaldılmasını nəzarət altında saxlayardı”, - deyə akademik qeyd edib.

Y.Mahmudovun məruzəsi Özbəkistan Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru Azamat Ziyo, türkiyəli professor Ahmet Şimşirgil və digər alimlər tərəfindən böyük maraq və razılıqla qarşılanıb. Tədbirdə müştərək elmi araşdırmaların aparılmasının vacibliyi də vurğulanıb.

Xatırladaq ki, Yaqub Mahmudov 1991-ci ildə macar alimi German Vamberinin “Əmir Teymur” əsərinin Azərbaycan dilində nəşrinə “Ön söz” yazıb və orada Avropamərkəzçilik konsepsiyasını kəskin tənqid edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.