ELM VƏ TƏHSİL


Akademik Yaqub Mahmudov Azərbaycan Universitetinin tələbələrinə ustad dərsi keçib

Bakı, 15 mart, AZƏRTAC 

AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik Yaqub Mahmudov Azərbaycan Universitetinin tələbələrinə “Müasir dövrdə Azərbaycan tarixinin aktual problemləri” mövzusunda ustad dərsi keçib.

Universitetdən AZƏRTAC-a bildirilib ki, akademik tələbələrə Azərbaycan tarix elmindəki mövcud vəziyyət və Tarix İnstitutunda görülən işlərdən danışıb. Qeyd edib ki, ümummilli lider Heydər Əliyev və Prezident İlham Əliyevin Azərbaycan tarixinin öyrənilməsinə göstərdiyi xüsusi diqqət və qayğı Tarix İnstitutu tərəfindən yeni fundamental tədqiqatların aparılmasına və layihələrin həyata keçirilməsinə səbəb olub. Azərbaycan tarixinin qəsdən saxtalaşdırılmış bir çox problem və səhifələri əsas tədqiqat obyektinə çevrilib, bu istiqamətdə ciddi çalışmalar aparılıb. Ölkə rəhbərinin çağırış, tövsiyə və tapşırıqları ilə institut tərəfindən son illərdə Azərbaycan tarixinə dair 300-dən çox əsər və sənədlər toplusu nəşr olunub. Qarabağ, Naxçıvan və İrəvan xanlığının tarixinə dair silsilə əsərlər hazırlanıb və müxtəlif xarici dillərə tərcümə edilərək dünyada yayılıb.

Tələbələri təcavüzkar Ermənistanın işğalçılıq siyasətinə qarşı informasiya müharibəsində fəal iştiraka səsləyən akademik deyib: “Regionun ən qədim dövlətçilik tarixi bizə məxsusdur. Azərbaycanın 5 minillik dövlətçilik tarixi var. Azərbaycan xalqı imperiyalar yaradan, qonşu xalqları idarə edən xalq olub”.

Yaqub Mahmudov qeyd edib ki, tarixinə sahib çıxmayan xalq məhvə məhkumdur, başqa xalqlara yem olacaq və tarix səhnəsindən silinəcək. Tarixinə sahib çıxan xalq isə yenilməzdir. Gənclər dövlətçilik tariximizi öyrənməli, tarixi şəxsiyyətlərimizi, milli-mənəvi irsimizi qorumalı və ona sahib çıxmalıdır.

Akademik tələbələrin suallarını da cavablandırıb.

Rektor Səadət Əliyeva, ictimai elmlər kafedrasının müdiri, professor Qabil Əliyev tələbələrə verdiyi dəyərli məlumatlar üçün akademikə təşəkkür ediblər.

Sonda Azərbaycan Universitetinin “Azərbaycanın yeni və ən yeni tarixi” ixtisası üzrə magistratura pilləsində, tərcümə, filologiya və tarix ixtisasları üzrə bakalavriat pilləsində təhsil alan və yüksək göstəricilərlə oxuyan tələbələrə Tarix İnstitutunun nəşrləri hədiyyə edilib.

Tədbir çərçivəsində akademik Yaqub Mahmudovun və Tarix İnstitutu tərəfindən çap olunan əsərlərin sərgisi təşkil olunub. Həmçinin 300 adda 2 min kitab Azərbaycan Universitetinin kitabxanasına hədiyyə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.