ELM VƏ TƏHSİL
Akademik Yaqub Mahmudov “Gənclərin dostu” mükafatına layiq görülüb
Bakı, 1 fevral, AZƏRTAC
Fevralın 1-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutu Azərbaycan Gəncləri Günü münasibətilə tədbir keçirib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov gənclərin cəmiyyətdəki rolundan, ölkəmizdə onlara göstərilən diqqət və qayğıdan danışıb.
Yaqub Mahmudov deyib ki, ümummilli lider Heydər Əliyev gənclərlə bağlı siyasətini müstəqil Azərbaycan dövlətinin ən mühüm fəaliyyət istiqamətlərindən biri kimi dəyərləndirirdi. Hələ ötən əsrin 70-80-ci illərində Heydər Əliyevin diqqət və qayğısı sayəsində minlərlə azərbaycanlı gənc keçmiş SSRİ-nin aparıcı ali məktəblərinə müxtəlif ixtisaslar üzrə təhsil almağa göndərilib.
Akademik Azərbaycan gəncliyinə səslənərək vurğulayıb ki, tariximizə sahib çıxmalıyıq, tarixinə sahib çıxan xalq yenilməzdir, tarixinə sahib çıxmayan xalq isə məhvə məhkumdur.
AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının sədri Famin Salmanov akademiyada çalışan gənclərin respublikanın elmi və ictimai-siyasi həyatındakı rolundan danışıb. O, Tarix İnstitutunun gənc əməkdaşlarının ötənilki fəaliyyətini yüksək qiymətləndirib.
Tarix İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Rəşad Mustafa institutun məktəblilər arasında həyata keçirdiyi “Tarixi şəxsiyyətlərimizə sahib çıxaq” və “Gənc tarixçilərin qış məktəbi” layihələri barədə məlumat verib. Bildirib ki, institutun gənc alimləri 2018-ci ildə 12 beynəlxalq elmi konfransda iştirak ediblər.
Tədbirdə Yaqub Mahmudov gənclərin alim kimi yetişməsində rolu və xidmətlərinə görə Tarix İnstitutunun “Gənclərin dostu” mükafatı ilə təltif olunub.
Qeyd edək ki, institut “Gənclərin dostu” mükafatını 2018-ci ildə təsis edib. Mükafatın ilk laureatı AMEA-nın prezidenti, akademik Akif Əlizadədir.
Sonda “Gənc tarixçilərin qış məktəbi” layihəsinin iştirakçılarına sertifikatlar təqdim olunub.