Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

Akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutu ötən 90 ildə şərəfli tarixi yol keçib

Bakı, 8 may, AZƏRTAC 

2019-cu ildə AMEA-nın akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun (NKPİ) yaradılmasının 90 illiyi tamam olur. Bu illər ərzində institut böyük və şərəfli inkişaf yolu keçib. Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun (NKPİ) ölkədə neft-kimya elminin və neft sənayesinin inkişafında müstəsna xidmətlərini nəzərə alaraq, institutun 90 illik yubileyinin dövlət səviyyəsində qeyd edilməsi haqqında 2019-cu il martın 11-də Sərəncam imzalayıb.

AZƏRTAC NKPİ-nin direktoru, akademik Vaqif Abbasovun institutun 90 illik yubileyi ilə bağlı məqaləsini təqdim edir.

Azərbaycanın zəngin neft ehtiyatlarına malik olması hələ çox qədimlərdən məlum idi. Bizim eranın VI-VIII əsrlərinə aid olan ayrı-ayrı arxeoloji komplekslərdə Azərbaycanda, əsasən də Abşeron yarımadasında neft çıxarılması haqqında məlumatları təsdiqləyən qatran izləri tapılıb. Dünyada analoqu olmayan müalicəvi Naftalan nefti Şərqdə çox məşhur idi. İnsanlar müalicə üçün Hindistan, İran, Türkiyə və başqa ölkələrdən Azərbaycana gəlirdilər. XIX əsrin ikinci yarısında Azərbaycanda neftlə zəngin yataqların kəşfi və keçən əsrin 20-ci illərində neftin intensiv hasilatı və emalı müvafiq sahədə, eləcə də neft kimyasında fundamental, təcrübi tədqiqatların intensivləşdirilməsi məsələsini qarşıya qoymuşdu. Bununla əlaqədar olaraq, 1920-ci ildə “Azneft” Birliyi nəzdində Mərkəzi Kimya Laboratoriyası (MKL) yaradılmış və onun əsas təşkilatçısı Lev Qurviç idi. 1924-cü ildən isə laboratoriyaya professor İvan Qutt rəhbərlik edib. Bu laboratoriya həm elmin, həm də respublikanın neft emalı və neft kimyası sahələrinin inkişafında mühüm rol oynayıb.

NKPİ–nin yaranma tarixi 1929-cu il hesab olunur. Belə ki, həmin il SSRİ Xalq Komissarları Şurasının respublikada elmi-tədqiqat institutunun yaradılması haqqında 1927-ci il 17 may tarixli qərarı əsas götürülərək “Azneft”in 1929-cu il 20 yanvar tarixli 255 nömrəli qərarı ilə Azərbaycan Neft Tədqiqat İnstitutu (AzNTİ) (NKPİ-nin sələfi) yaradılıb. MKL aparıcı neft emalı şöbəsi kimi bu institutun tərkibinə daxil edilib. Professor İvan Qutun bu şöbənin təşkilində böyük rolu olub və 1929-1933-cü illərdə ora rəhbərlik edib. 1930-cu ildə AzNTİ-də neft-mədən şöbəsi yaradılıb və bu instituta V.V.Kuybışevin adı verilib. Müxtəlif illərdə AzNTİ-nin direktorları Matvey Kapelyuşnikov (1933-1936), Tahirə Tahirova (1940-1942), N.A.Lutsenko (1942-1944) olublar. Fəaliyyətdə olduğu illərdə respublikada neft emalı və neft kimyası sahəsində aparılan əsas tədqiqat işləri bu institutda mərkəzləşmişdi. 30-40-cı illər Yusif Məmmədəliyev, Murtuza Nağıyev, Arif Quliyev, Viktor Qutırya, Mark Dalin, İzzət Orucova, Vsevolod Neqreyev və digər görkəmli alimlərin elmi fəaliyyətlərinin əsas çiçəklənən dövrü idi. Yusif Məmmədəliyevin aviabenzinin yüksək oktanlı komponenti olan kumolun alınması prosesinin işlənib hazırlanması işi, Viktor Qutıryanın bir qrup mühəndislə birlikdə aviabenzin istehsalının artırılması üsulunun işlənib hazırlanması və tətbiqi işi SSRİ mövlət Mükafatlarına layiq görülüb.

Yusif Məmmədəliyevin fundamental işləri əsasında Bakıda alkilbenzol (toluol və izopropilbenzol) istehsal edən zavod tikilib. Alimin bu ixtirası ölkədə yüksək oktanlı benzin istehsalını təmin edib. Məhz belə cəsarətli ideyanın nəticəsidir ki, 1941-1944-cü illərdə Bakı neftayıranları cəbhəyə 10 milyon 42 min ton yüksək keyfiyyətli benzin veriblər. Bu elmi rəşadətə görə kimyaçı alim müəllif Lenin ordeninə layiq görülüb.

Müharibədən sonrakı illərdə neft və neft emalı sahələri qarşısında duran böyük məsələləri nəzərə alaraq 1945-ci il yanvarın 29-da SSRİ Neft Sənayesi Xalq Komissarlığının qərarına əsasən AzNTİ-nin nəzdində 2 sərbəst elmi-tədqiqat institutu - Azərbaycan Neft Emalı Elmi-Tədqiqat İnstitutu (AzNEETİ) və Azərbaycan Neft Çıxarma Elmi-Tədqiqat İnstitutu (AzNÇETİ) yaradılıb. AzNEETİ -nin direktorları H.Haşımov (1945-1951-ci illər), V.Əliyev (1951-1959-cu illər) olublar. AzNEETİ və Azərbaycan Elmlər Akademiyasının Neft İnstitutu və Kimya İnstitutunun bir sıra laboratoriyaları əsasında Elmlər Akademiyası sistemində 1959-cu ildə Neft-Kimya Prosesləri İnstitutu (NKPİ) yaradılıb. Azərbaycan SSR Elmlər Akademiyasının vitse-prezidenti, akademik Murtuza Nağıyev NKPİ-nun direktoru təyin olunub. Nəinki respublikada, hətta SSRİ-də ən aparıcı elmi mərkəzə çevrilən instituta 1962-ci ildə akademik Yusif Məmmədəliyevin adı verilib. Sonrakı illərdə institutun direktorları V.Əliyev (1962-1987-ci illər), M.Rüstəmov (1987-2011) olublar. 2011-ci ildən NKPİ-yə akademik V.M.Abbasov rəhbərlik edir.

1965-1969-cu illərdə NKPİ-nin bəzi elmi şöbələrinin və laboratoriyalarının bazasında daha beş elmi-tədqiqat institutu yaradılıb:

-akademik Ə.M.Quliyev adına Aşqarlar Kimyası İnstitutu (1965) ;

-akademik M.F.Nağıyev adına Kimya Texnologiyalarının Nəzəri Problemləri (1965, indiki Kataliz və Qeyri-üzvi Kimya İnstitutu);

-ÜİET Qaz Emalı İnstitutunun Azərbaycan filialı;

-NKPİ-nin Sumqayit filialı (1966, indiki Polimer Materialları İnstitutu);

-Radiasiya Tədqiqatları Sektoru (1969, indiki Radiasiya Problemləri İnstitutu.

NKPİ-nin faktiki olaraq, Azərbaycanda kimya elminin və sənayenin yaranmasında və inkişafında müstəsna rolu olub.

Əldə etdiyi böyük nailiyyətlərə görə NKPİ Qırmızı Əmək Bayrağı Ordeninə (1967), 3 dəfə keçici Qırmızı Bayrağa (1977, 1978, 1982-ci illər), diplom və fəxri fərmanlarla layiq görülüb.

Doxsan illik fəaliyyəti dövründə institutun alimlərinin elmi işləri Azərbaycan neftinin tədqiqinə, yüksək keyfiyyətli yanacaq və yağ alınması məqsədilə onların effektiv emalının elmi əsaslarının işlənilməsinə, neft kimyası və neft emalı prosesləri üçün yeni texnologiya və katalizatorların yaradılmasına, kataliz, üzvi kimya, yüksəkmolekullu birləşmələr kimyası, fiziki kimya sahəsində fundamental tədqiqatlar aparılmasına və Azərbaycan neft-kimya və neft emalı sənayesinin kompleks inkişaf sxemlərinin işlənib hazırlanmasına həsr olunub. Neftin tədqiqi və emalı sahəsində aparılan elmi tədqiqatların inkişafında və milli kadrlar hazırlanmasında bir çox tanınmış rus alimləri öz töhfələrini veriblər. Onların arasında Lev Qurviç, Nikolay Zelinski, Sergey Namyotkin, Matvey Kapelyuşnikov, İvan Qutt, Viktor Qerr, Nikolay Çernojukov, Aleksandr Quxman, Konstantin Kostrin və başqalarının adlarını qeyd etmək olar.

Hazırda institutda elmi məktəb yaratmış və dünya miqyasında elmi uğurları ilə tanınan akademiklər Musa Rüstəmov, Məhərrəm Məmmədyarov, Vaqif Abbasov, müxbir üzvləri Fəzilə Səmədova, Hafiz Əlimərdanov, Ziyafəddin Əsədov və onlarca elmlər doktoru fəaliyyət göstərir.

Bu alimlərin fundamental tədqiqatları sayəsində yeni elmi istiqamətlərin bünövrəsi qoyulub, ölkəmizə dəyərli töhfəsini vermiş neft emalı, neft kimyası sahəsində mütəxəssislər, kimyaçı texnoloqlar məktəbi yaranıb.

Son illərdə institutun fəaliyyəti nəticəsində ənənəvi istiqamətlərdə aparılan tədqiqatlarda yeni, daha mühüm nəticələrə nail olunub:

–neftlərdə yüksəkmolekullu heteroatomlu və asfalt-qatran birləşmələri, onların mikroelement tərkibi və həmçinin oksigenli, azotlu birləşmələri öyrənilib, Azərbaycan neftinin keyfiyyətinə dair məlumat bankı yaradılıb;

–riforming benzininin benzol fraksiyasının hidrogenləşməsi, alkilləşməsi və katalitik krekinqin yüngül benzin fraksiyasının hidrotəmizlənmə proseslərindən, oktan ədədini artıran oksigenləşdirilmiş əlavələrdən istifadə etməklə tərkibində aromatik karbohidrogenlərin, benzolun və kükürdün miqdarına görə Avro-4 və Avro-5-in müasir tələblərinə cavab verən yüksəkkeyfiyyətli avtomobil benzinləri alınıb, aşağı keyfiyyətli kokslaşma benzinlərini prosesə cəlb etməklə yüksək oktanlı benzinlərin resursları genişləndirilib;

–neftin çıxarılmasında və emalında istifadə olunan yeni effektiv kimyəvi maddələr yaradılıb (korroziyaya və duzçökməyə qarşı polifunksional inhibitorlar, ərpin qarşısını almaq üçün maddələr, deemulqatorlar və s.);

–yeni monomerlər - akril turşularının efirləri, həmçinin yüksək istismar xassələrinə malik lak-boya kompozisiyaları və yapışqan materialların alınmasında tətbiqini tapmış fenolun calaq olunmuş oliqomerlərinin yeni alınma üsulları işlənib hazırlanıb;

–dərman preparatlarının istehsalı sahəsində istifadə olunan məhsullar almaq üçün stirol və onun törəmələrinin selektiv hidrovinilləşmə prosesləri üçün yüksək səmərəyə malik katalizatorlar işlənib hazırlanıb;

–bioloji-aktiv “ağ Naftalan yağı”nın alınma texnologiyası işlənib və təcrübə-sənaye miqyasında mənimsənilib. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi 2014-cü il oktyabrın 23-də “ağ Naftalan yağı”nı dərman preparatı kimi qeydiyyata alıb. Bu, AMEA-nın tarixində rəsmi qeydiyyata alınmış ilk dərman preparatıdır. Bu preparat burun-boğaz xəstəliklərinin, o cümlədən allergik rinitin, paradontozun, I-III dərəcəli yanıqların, dəri xəstəliklərinin, o cümlədən pullu dəmrovun, qadın xəstəliklərinin, dayaq-oynaq hərəkəti aparatı xəstəliklərinin və s. müalicəsində əvəzsiz dərman, habelə təbii kosmetik vasitədir. Bu yağ 2017-ci ildə kosmetik vasitə kimi Səudiyyə Ərəbistanda qeydiyyatdan keçib;

–“ağ Naftalan yağı”nın müxtəlif fraksiyalarının funqisid xassələri, onların respublikamızda, əsasən də Naxçıvanda bitən dodaqçiçəkli fəsiləsinin efir yağları ilə kompozisiyaları tədqiq edilib və yüksək antimikrob təsirli kompozisiyalar yaradılıb;

–struktur quruluşu tənzimlənmiş polimer və sopolimerlərin sintezi üzrə aparılan məqsədyönlü tədqiqatlar nəticəsində stirolun və digər monomerlərin radikal polimerləşməsində effektli tənzimləyici kimi yeni sərbəst stabil radikal (4-karboksiamid-2,2,5,5-tetrametilpirrolidin-1-oksil) aşkar olunub;

–keçid metallarla modifikasiya olunmuş seolit katalizatorları üzərində alkiltsikloheksanların metanol və paraizomerin üstünlük təşkil etdiyi ksilolun izomerlərinə dehidroalkilləşmə və dehidrodisproporsionallaşma, həmçinin yüksək disperslənmiş nanokompozit və homogen katalizatorların iştirakı ilə alkenilaromatik, doymamış karbohidrogenlərin və tsikloolefinlərin maye fazada induksiyalaşdırılmış oksidləşməsi ilə ketonlara, diollara, laktonlara, asetallara, ikiəsaslı turşulara çevrilmə reaksiyaları kimi yeni istiqamətlər inkişaf etdirilib;

–butadienin müxtəlif stereospesifik polimerləşməsi prosesləri üçün kobalt və nikel üzvi ditiotörəmələr əsasında (katalitik ditiosistemlər), yeni homogen və heterogenləşdirilmiş bifunksional katalizatorların alınmasının elmi əsasları işlənib və sənaye sınaqları keçirilib. Məlum analoqlardan fərqli olaraq, bu katalizatorlar 10-20 dəfə yüksək məhsuldarlığa malikdirlər.

İnstitutda müasir və perspektiv texnikanın tələblərinə cavab verən, yüksəkkeyfiyyətli, mürəkkəb efir tipli yeni sürtkü yağları yaradılıb. Sintez olunan yeni efirlərdə “quruluş-xassə” asılılığı sistematik tədqiq olunub və bu sinif maddələrin elmi əsasları işlənib hazırlanıb. Bu yağlar müvafiq sınaqlardan müvəffəqiyyətlə keçib, aviasiya yağlarının əsası, xüsusi şəraitdə işləyən kompressor yağları, hərbi texnikada istifadə edilən xüsusi təyinatlı yağlar və s. kimi tövsiyə olunub. İkiəsaslı turşular əsasında yüksək temperatura davamlı inhibitorlar sintez edilib və xüsusi təmizlənmiş mineral yağlara əlavə edilməklə atmosfer korroziyasından yüksək müdafiə qabiliyyətinə malik konservasiya mayesi işlənib hazırlanıb. İnstitutda aparılan ənənəvi tədqiqat işləri ilə yanaşı, neft-kimya və neft emalı prosesləri üçün ekoloji cəhətdən zərərsiz ion-maye texnologiyalarının yaradılması, neft və ağır neft qalıqlarının asfalt-qatran birləşmələrdən və metallardan ifratkritik ekstraksiya üsulunun tətbiqi ilə təmizlənməsi, neft xammalı əsasında bioyanacaq və yanacaq komponentlərinin, neftçıxarma, neft emalı sənayesi və su hövzələrinin təmizlənməsi üçün müxtəlif reagentlərin nanokarbonlu materialların alınmasının yeni texnologiyalarının işlənilməsi, karbohidrogenlərin oksidləşməsi proseslərində füllerenlərin tətbiqi və s. kimi elmi istiqamətlərdə də tədqiqatlar aparılır:

-nanodispersləşdirilmiş Ni, Mo saxlayan katalizatorların tətbiqi ilə polimer tullantıları (polietilen, polietilentereftalat) və mazut qarışığı əsasında açıq neft məhsulunun çıxımının 60 faizdən 90 faizədək yüksəldilməsinə imkan verən hidrokrekinq prosesi işlənilib;

-CO2-nin unikal xassələrindən istifadə edərək, institutda neftdə asfaltenlərin və ağır neft qalıqlarının ayrılması üsulu yaradılıb və patentləşdirilib;

-alternativ qeyri-neft xammalı (metanol, CH4, sintez-qaz və s.) əsasında yanacağın alınması istiqamətində geniş tədqiqatlar aparılır;

-bərpa olunan xammal-Azərbaycan bitkiləri xammalı (pambıq, qarğıdalı, soya, günəbaxan yağları) əsasında biodizel yanacaqlarının alınmasının yeni üsulları tədqiq olunur. Transeterifikasiya və eterifikasiya üsulları ilə bitki yağlarının triqliseridlərindən monoalkil efirlərinin alınması üsulları işlənib hazırlanıb. Alınan efirlərin və onların mineral dizel yanacaqları ilə 10-20 faizli kompozisiyalarının xassələri öyrənilib və qarışıq xammalın (mineral dizel distillatı/bitki yağı) birgə emalı metodu ilə yeni nəsil perspektiv dizel yanacağının alınmasının mümkünlüyü tədqiq edilib;

-dünyada ilk dəfə neft fraksiyalarının sintetik karbon turşularına oksidləşməsi prosesində C60-C70 füllerenlərin katalitik xüsusiyyəti aşkar edilib. Füllerendən Mn naftenatın promotoru kimi istifadə edildikdə, sinergetik effekt aşkarlanıb, nəticədə katalizatorun sərfi 30 dəfəyə qədər azaldılıb;

-ilk dəfə olaraq molekulunda kobalt və ya nikel atomu saxlayan azotlu komplekslər və onların Co-, Ni- və Cr- naftenatlarla kompozisiyalarının sintetik naften turşularının alınması prosesində katalitik aktivliyi yoxlanılıb və maye fazada naften konsentratının oksidləşməsi ilə 33 faiz çıxımla sintetik neft turşularının alınması imkanı aşkar olunub.

İon-maye texnologiyalarının işlənməsi sahəsində tədqiqatlar qeyd olunan istiqamətlərdə aparılır:

-neft-kimya proseslərində həlledici və ya katalizator kimi istifadəyə yararlı yeni ion-mayelərinin sintezi;

-oliqomerləşmə və polimerləşmə proseslərinin ion-maye katalizi;

-neft fraksiyalarının ion-maye tərkiblərlə selektiv təmizlənməsi;

-neftyığma və neftdispersləşdirici qabiliyyətli ion-maye və calaq ion-maye tipli səthi aktiv maddələrin alınması;

-neft-kimya sənayesi üçün alternativ xammal mənbələrinin yaradılması, “yaşıl kimya” texnologiyalarının işlənməsi

-neft-kimya və neft emalı prosesləri üçün ekoloji təmiz ion-maye texnologiyalarının və yeni funksional monomerlər, makromonomerlər və oliqomerlərin yaradılması, aqrokimya üçün bioloji-aktiv maddələrin alınması texnologiyalarının işlənməsi.

İnstitutda nanotexnologiyaların yaradılması sahəsində ilə müəyyən istiqamətlər üzrə tədqiqatlar aparılır:

-nanokataliz (nanodispers oksidlərin alınması və s.);

-nanokatalizatorlardan istifadə etməklə karbohidrogenlərin və onların fraksiya-larının çevrilməsi;

-nanopolimerlərin və nanopolimer kompozit materialların alınması və tədqiqi;

-ağır neft qalıqları, polimer tullantıları, təbii qaz və s. əsasında nanokarbon borularının və koksun alınma üsullarının işlənməsi;

-müxtəlif təyinatlı nanokarbon-mineral adsorbentlərin alınma üsullarının işlənməsi;

-nanokatalizatorların və nanokarbon materiallarının yeni rasional alınma üsullarının işlənməsi.

İnstitutun inkişafı əsasən onun elmi potensialı ilə müəyyən olunur.

NKPİ-nin əməkdaşları tərəfindən 1992-2019-ci illərdə 235-dən çox kitab, monoqrafiya, dərslik, dərs vəsaiti, biblioqrafiya, konfrans materialı, bundan əlavə 25 preprint, tematik icmal, toplu və kataloq, 14 standart, 145 normativ texniki sənəd tərtib edilib və buraxılıb. Bundan əlavə 5000-dən çox məqalə və məruzələrin tezisləri respublika və xarici mətbuatda (təqribən 1000-dən çoxu xarici mətbuatda) çap olunub. Bu illər ərzində orta məktəblərdə kimyanın tədrisinə aid 25 dərslik və 50-dən çox dərs vəsaiti çap olunub.

İnstitutun fəaliyyəti dövründə alimlərimiz tərəfindən aparılan elmi-tədqiqat işlərinin yeni nəticələrinə – ixtiralara 1000-dən çox müəlliflik şəhadətnaməsi, 150 xarici ölkə patenti (Rusiya, ABŞ, Kanada, İngiltərə, Almaniya, Fransa, Yaponiya, Niderland, Rumıniya, İran, İraq, Əlcəzair, Bolqarıstan, Çexiya, Slovakiya, İsveçrə və s.), 170 Azərbaycan Respublikası patenti, beynəlxalq patent, 10 AVRASİYA patenti və lisenziyalar alınıb. NKPİ-nin alimləri uzun illər ərzində keçmiş SSRİ-nin kimya profilli institutları, Bolqarıstanın neft emalı zavodu (Burqasda), ABŞ-nın Emori Universiteti, “Fenomeneks” şirkəti, “Shell”, “Mobil” şirkətlərinin neft emalı zavodları, İranın Azad İslam Universiteti, Tailand Elmlər Akademiyasının Kimya İnstitutu, Türkiyənin “TÜBİTAK” şirkəti, Ege Universiteti, “İşıqsan-kimya” firması, Səudiyyə Ərəbistanının “SABIC” şirkəti, Kral Əbdül Əziz adına Elmi-Texniki Mərkəzi, Gürcüstanın Fiziki və Üzvi Kimya İnstitutu, Tbilisi Dövlət Universiteti, Qazaxıstanın Üzvi Kataliz və Elektrokimya İnstitutu və digər ölkələrin elmi-tədqiqat institutları ilə sıx elmi əlaqələr saxlayırlar. İnstitutun 6 gənc əməkdaşı bir il müddətində Almaniyanın Rostok və Münxen şəhərlərində iş təcrübəsi toplayıb.

İnstitut ənənəvi olaraq, bir çox xarici ölkələr üçün, o cümlədən Asiya, Afrika, Latın Amerikası ölkələri üçün yüksəkixtisaslı mütəxəssis hazırlayır.

İnstitut bir sıra beynəlxalq forumların təşkilatçısı olub və hazırda da təşkilatçısıdır, o cümlədən:

-Sosialist Ölkələrinin I Neft Kimyası Simpoziumu (1978);

-Ümumi və Tətbiqi Kimya Üzrə XII Mendeleyev Qurultayı (1981);

-Metalkompleks katalizi üzrə Respublika Konfransı (1990);

-Katalitik krekinq üzrə I və II Elmi-Texniki Müşavirə (1991-1992);

-Neft-kimyası üzrə I-IX Bakı Beynəlxalq Məmmədəliyev konfransları (1994, 1996, 1998, 2000, 2002, 2005, 2009, 2012, 2016-cı illər);

-“Kimya elminin və texnologiyalarının üstün istiqamətləri” mövzusunda seminar müşavirə (2001);

-“Neft kimyası və neft emalı problemlərinin həllində kataliz” mövzusunda Azərbaycan-Rusiya beynəlxalq simpoziumu (2010, 2013);

-“Azərbaycanın neftçıxarma, neft emalı və neft kimyası sənayelərinin aktual problemləri” (2011) mövzusunda Azərbaycanın gənc alimlərinin respublika elmi konfransı;

-“I Beynəlxalq Kimya və Kimya Mühəndisliyi Konfransı” (Qafqaz Universiteti, 2013);

-Akademik S.Mehdiyevin 100 İlik yubileyinə həsr olunmuş respublika elmi-praktiki konfrans (2014);

-Professor R.Quliyevin 100 illik yubileyinə həsr olunan elmi şura (2015);

-AMEA-nın müxbir üzvü B.Dadaşovun anadan olmasının 100 illik yubileyinə həsr edilən yubiley tədbiri (2016);

-Akademik B.Zeynalovun 100 illik yubileyinə həsr olunan “Neft kimya sintezi və mürəkkəb kondensləşmiş sistemlərdə kataliz” mövzusunda beynəlxalq elmi-texniki konfrans (2017);

-Professor S.Sultanovun 90 illiyinə həsr olunan “Yanacaqlar, yanacaq komponentləri, xüsusi təyinatlı mayelər, yağlar və aşqarlar” mövzusunda respublika elmi-texniki konfransı (2017);

-Akademik V.Əliyevin 110 illiyinə həsr olunan “Neft emalı və neft kimyasının innovativ inkişaf perspektivləri” mövzusunda beynəlxalq elmi-praktiki konfrans (2018);

- Akademik A.Əzizovun 75 illiyinə həsr olunmuş yubiley iclası (2018).

Hazırda institut kifayət qədər yüksəkixtisaslı elmi potensiala malikdir, tədqiqatları yüksək səviyyədə aparmağa imkan verən, daim təzələnən müasir cihaz və avadanlıqlarla təchiz olunub. 2000-ci ildən başlayaraq, NKPİ-də rus və ingilis dillərində “Neft kimyası və neft emalı prosesləri” jurnalı təsis edilib. 2011-ci ildə bu jurnal INSPEC və 2016-cı ildə “Clarivate Analytics” bazalarına daxil olunub. 2013-2018-ci illərdə AMEA-nın Rəyasət Heyətinin “Elm dünyası” adlı elmi-kütləvi jurnalı buraxılıb.

NKPİ-nin alimləri gənc nəslin təhsilində fəal iştirak edir, respublikanın bir çox ali təhsil ocaqlarında pedaqoji fəaliyyətlə məşğul olurlar.

Akademik V.Abbasov 2000, 2001, 2003, 2004, 2005-ci illərdə Azərbaycan məktəblilərinin dünya olimpiadalarında, 2000, 2007 və 2010-cu illərdə Beynəlxalq Mendeleyev Kimya olimpiadalarında iştirak edən komandaların rəhbəri olub. 2000 və 2010-cu illərdə isə Bakıda Beynəlxalq Mendeleyev Kimya olimpiadalarını keçirən təşkilat komitəsi sədrinin müavini və beynəlxalq münsiflər heyətinin sədri olub. Onun rəhbərlik etdiyi komandaların üzvləri beynəlxalq və dünya kimya olimpiadalarından 110-dan çox qızıl, gümüş və bürünc medallar gətiriblər və şagirdlərdən 21 nəfəri M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin kimya fakültəsinə imtahansız qəbul olunub.

Akademik Y.Məmmədəliyevin adını fəxrlə daşıyan Neft-Kimya Prosesləri İnstitutunda 1985-ci ildə alimin 80 illik yubileyi ilə bağlı onun xatirə kabinet-muzeyi yaradılıb. 2012-ci ildən bu muzey memorial muzey kimi fəaliyyət göstərir. Muzeydə alimin həyat və fəaliyyətini, nailiyyətlərini əks etdirən eksponatlar, akademikin müxtəlif konfrans və simpoziumlarda öz səsi ilə çıxışları müasir tələblərə cavab verən səviyyədə nümayiş etdirilir.

İnstitutda NKPİ-nin elmi şurası, D 01.031 dissertasiya şurası və onun nəzdində fəaliyyət göstərən birləşmiş elmi seminar və Gənc Alimlər və Mütəxəssislər Şurası fəaliyyət göstərir. Şurаnın fəaliyyətinin əsаs məqsədi gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsından, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsından, “Azərbaycan Gəncliyi” dövlət proqramlarına əsasən layihə və tədbirlərin keçirilməsindən, gənclər üçün təşkil olunan müxtəlif yerli və beynəlxalq konfrans və tədbirlərdə iştiraklarının təmin edilməsindən, mеtоdik və infоrmаsiyа yаrdımının göstərilməsindən ibarətdir. Şuranın təşəbbüs və dəstəyi nəticəsində institutun gənc alim və tədqiqatçıları AMEA-nın, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun, Gənclər Fondunun, NKPİ-nin gənclər üçün elan etdikləri müxtəlif müsabiqə və qrant layihələrinin dəfələrlə qalibləri seçiliblər.

İnstitutun bir neçə gənc alimi elmdə əldə etdikləri yüksək nailiyyətlərə görə Azərbaycan Respublikasının Prezidentinın və AMEA-nın rəhbərinin mükafat və fəxri fərmanları ilə təltif olunublar.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Məleykə Abbaszadə gənclərə çağırış etdi: Özlərini aldatmasınlar

FHN: Ötən sutka ərzində ikisi azyaşlı olmaqla 4 nəfər xilas edilib

Rusiyanın qəzaya uğrayan hərbi təyyarəsinin pilotlarından biri həlak olub

Şri-Lanka Rusiyaya çay ixracını 14 faiz artırıb

TDT diplomatiya akademiyalarının toplantısı Bakıda keçiriləcək

NASA süni intellekt sayəsində iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verəcək

“Aqroservis” ASC-nin İdarə Heyətinin sədri İmişlidə vətəndaşlarla görüşəcək

Bakıda bədii gimnastika üzrə Dünya Kuboku start götürüb

Sudanda 390-dan çox insan vəba və “denge” qızdırmasından ölüb

Narkotik vasitənin təsir altında avtomobil idarə edən sürücü ifşa edilib

Şərqşünas alim Ege Universitetində XX əsrdə azərbaycanlılara qarşı törədilmiş soyqırımlar haqqında məruzə deyib

AQTA sədri istehlakçılara çağırış edib

Mərkəzi Seçki Komissiyasının nümayəndə heyəti Maldiv Respublikasında parlament seçkilərini müşahidə edəcək

Ukraynaya daha bir hava hücumu: 8 nəfər ölüb, 25 nəfər yaralanıb VİDEO

Deputat: Rusiya sülhməramlılarının Azərbaycandan çıxarılması yeni mərhələ deməkdir

Şirvan elektrik şəbəkəsi yenidən qurulur

Qərbi Azərbaycanın iqtisadi inkişaf potensialı: retrospektiv təhlil və gələcəyə baxış - AzMİU-da konfrans

AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİ
Kənan Bağırov

Dövlət Xidməti Şamaxıda maarifləndirici tədbir keçirib

Parlamentdə Hesablama Palatasının 2023-cü ildə fəaliyyəti ilə bağlı hesabatı müzakirə olunur

AFR-in vitse-kansleri saat yarım Kiyevdə bomba sığınacağında qalıb

Səməd Seyidov: Türk dövlətləri arasında münasibətlər intensivləşməkdədir

Yevlaxda genişzolaqlı internetə çıxış 71 faiz təşkil edir

ABŞ Fələstinin BMT-yə tamhüquqlu üzv olmasını əngəlləyib

İsi Məlikzadə yaradıcılığı Almaniya elektron ədəbiyyat jurnalında

Premyer Liqada XXXI turun hakimləri bəlli olub

Türkiyə ordusu üçün daha 40 ədəd Hürkuş-B təlim təyyarəsi sifariş edilib

"Xəzər səması-2024" birgə taktiki təlimi keçirilib VİDEO

Famil Ağayev: Məşqçilik karyeramın ən böyük həyəcanını keçirdim

Azərbaycan ərazisində ekoloji streslərə davamlı bitki növlərinin artırılması – elmi seminar

TDT-yə üzv ölkələrin parlamentlərinin beynəlxalq münasibətlər üzrə komitələrinin Bakıda konfransı keçiriləcək

Üç ayda DSMF-də 69 mindən çox vətəndaş müraciəti cavablandırılıb

XRİTDX-nin nümayəndə heyəti Türkiyədə “Müdafiə və Havaçılık sahəsində” keçirilən tədbirdə iştirak edir

Keniyalı general helikopter qəzasında ölüb

Baş prokuror Ağdaşda vətəndaşları qəbul edəcək

Milli Məclis 14 məsələnin müzakirəsinə başlayıb

İsmayıllıda fəaliyyət göstərən bazarda nöqsanlar aşkarlanıb

Avstraliya öz vətəndaşlarını İsrail və Fələstini tərk etməyə çağırır

Beynəlxalq Muğam Mərkəzində “Sərhədsiz Puşkin” adlı konsert keçiriləcək

Azərbaycanda böyrək əməliyyatı icbari tibbi sığorta ilə qarşılanır

İsrail İrana raket zərbəsi endirdiyini təsdiqləyib

Azərbaycanın stolüstü tennisçisi beynəlxalq turnirdə bürünc medal qazanıb

“Fotolarda canlanan tarix” sərgisi başa çatıb

Dubayda qastronomiya festivalı açılır

Azərbaycan Premyer Liqası: XXXI tura Tovuzda start veriləcək

“Turan Tovuz” klubunun rəsmisi: Avropanı Tovuz şəhərinə gətirmək istəyirik

Azərbaycanın voleybol çempionatlarında final və üçüncülük oyunlarının tarixləri bəlli olub

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə test imtahanına qeydiyyat davam edir

Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb VİDEO

Dünya birjalarında neft bahalaşıb

Bu gün tanınmış şair Tofiq Bayramın anım günüdür

“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır

DİN: Ötən gün 5 tüfəng təhvil götürülüb

Yaşıl dünya naminə həmrəy Azərbaycan

® “AlatBay” Logistik Mərkəzi “Edge Advanced Green” sertifikatına layiq görülüb

Azərbaycan neftinin qiyməti 88 dollara enib

Polis 6 kiloqramdan çox narkotik vasitə aşkar edib

Xankəndidə silah-sursat aşkarlanıb

Axtarışda olan 80 nəfər saxlanılıb

Göyçayda vətəndaşlardan avtomat və tüfənglər götürülüb

Salyanda minik avtomobilləri toqquşub, yaralılar var

Qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar saxlanılıb

Azərbaycanla KAICIID-in gələcək əməkdaşlıq imkanları müzakirə olunub

Zərdabda sənədsiz silahlar aşkar edilib

Avropanın ən təhsilli xalqları Şimal zonasında yaşayır

Qubada yerin təkindən qanunsuz istifadə ilə bağlı tədbir keçirilib

ABŞ İsrailin İrana hücumu barədə məlumatlandırılıb

Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

Kürdə batan atanın meyiti tapılıb, 6 yaşlı qızı hələ də axtarılır VİDEO

Mali frankdan imtina etmək istəyir

Dubay aeroportu fəaliyyətini qismən bərpa edib

Fransanın daxili işlər naziri zorakılığa məruz qalıb

Pakistandan Əfqanıstana deportasiya edilmiş təxminən 250 min uşağın yardıma ehtiyacı var

Xınalıq – dağlar qoynunda bənzərsiz irs muzeyi

Yaşar Gülər: Tam müstəqil müdafiə sənayesi - günün tələbidir

Valideynlərini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Parisdə islamofobiya əleyhinə yürüşə icazə verilməyib

Avropa Liqasında bütün yarımfinalçılar müəyyənləşib

Konfrans Liqası: "Fənərbağça" yarımfinala vəsiqə qazana bilməyib

Konfrans Liqası: Yarımfinala vəsiqə qazanan üçüncü komanda bəlli olub

Avropa Liqası: Yarımfinala vəsiqə qazanan üç komanda bəlli olub

Səadət Kərimi: Hədəfim peşəkar tərcüməçi olmaq, Azərbaycan irsini tanıtmaqdır

AZAL Bakıdan Kəraçiyə ilk reysini həyata keçirib

Fərid Qayıbov ABŞ-da BMT-nin Gənclər Forumunda çıxış edib

Konfrans Liqası: "Aston Villa" penaltilər seriyasında "Lill"i məğlub edərək yarımfinala yüksəlib

Konfrans Liqası: "Fiorentina" yarımfinala vəsiqə qazanıb

Azərbaycan səfiri Prezident İlham Əliyevin məktubunu İsveç Baş Nazirinin Ofisinə təqdim edib

IRENA Assambleyasının 14-cü sessiyası işini panel sessiyaları ilə davam etdirir

Kopenhagendə yanan tarixi birjanın fasadı uçub

ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazisində səfərdə olub

Avropa Şurası Nazirlər Komitəsinin sədri: Azərbaycan nümayəndə heyəti tezliklə Parlament Assambleyasında öz layiqli yerinə qayıdacaq

Avropa İttifaqı İrana qarşı yeni sanksiyalar tətbiq edib

Türkiyədə baş verən zəlzələ nəticəsində bir neçə tikiliyə ciddi zərər dəyib

Rəsmi Parisin ölkəmizdəki səfirini geriyə çağırmasının əsas səbəbləri - ŞƏRH

“Tarixi abidələr uşaqların gözü ilə” – rəsm sərgisi

"Abşeron" "qızıl set"də "Murov Az Terminal"a qalib gələrək finala yüksəlib

Potsdam Universiteti: İqlim dəyişikliyi qlobal iqtisadiyyatı təhdid edir

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Albaniyada ali səviyyəli toplantısı keçiriləcək

Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunmuş rəsm sərgisi açılıb

Türkiyədə zəlzələ olub