ELM VƏ TƏHSİL
Akademik Zahid Xəlilovun “Funksional analizin əsasları” kitabı ictimaiyyətə təqdim olunub
Bakı, 6 iyun, AZƏRTAC
İyunun 6-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Riyaziyyat və Mexanika İnstitutunda Əməkdar Elm Xadimi, pedaqoq, akademik Zahid Xəlilovun ikinci dəfə Moskvada çapdan çıxan “Funksional analizin əsasları” kitabının təqdimatı olub.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə institutun direktoru, akademiyanın müxbir üzvü Misir Mərdanov görkəmli alimin Azərbaycan riyaziyyat elminə və onun inkişafına verdiyi töhfələrdən, fəaliyyətinin dünya alimləri tərəfindən yüksək qiymətləndirilməsindən danışıb. Qeyd edilib ki, milli riyaziyyat məktəbimizin banilərindən olan Zahid Xəlilovun elmə gətirdiyi yeni istiqamətlər və ideyalar riyaziyyat elmi sahəsini zənginləşdirib, bir çox alimlərin yetişməsinə təkan verib.
M.Mərdanov funksional analiz üzrə rus dilində ilk monoqrafiyanın - “Funksional analizin əsasları”nın 1949-cu ildə Zahid Xəlilov tərəfindən çap edildiyini diqqətə çatdırıb. Bildirilib ki, Azərbaycan Dövlət Universitetinin nəşriyyatında çapdan çıxan bu monoqrafiyada poliharmonik tənliklər sistemi üçün sərhəd məsələsi həllini tapıb və alınmış nəticələr söykənmiş elastik lövhənin əyilməsinin öyrənilməsinə tətbiq edilib. Konkret tətbiqi əhəmiyyətli məsələlərin həlli üçün yeni metodlar yaratması və onları uğurla bu məsələlərin həllinə tətbiq etməsi Zahid Xəlilovun yaradıcılığının xarakterik cəhətlərindən olub.
Riyaziyyat və Mexanika İnstitutunun elmi şurasının qərarı ilə ikinci dəfə Moskvada yenidən çap olunan monoqrafiyanın nəzəri və praktiki baxımdan əhəmiyyətindən bəhs edən M.Mərdanov nəşrdə “Zahid Xəlilovun riyaziyyat elminin inkişafında rolu” sərlövhəli məqalənin də yer aldığını bildirib.
Qeyd olunub ki, fitri istedada malik Zahid Xəlilov dünya riyaziyyatında ilk dəfə qiymətləri Banax fəzasından olan funksiyalar sinfində diferensial tənlikləri tədqiq edib. Riyaziyyatda Banax cəbrində sinqulyar tənliklərin həlli üçün ümumi bir metod “Zahid İsmayıl oğlu Xəlilov nəzəriyyəsi” adı ilə tanınır.
Tədbirdə akademik Ramiz Məmmədov, professorlar Məmməd Bayramoğlu, Sabir Mirzəyev, Ramiz Aslanov, Əkbər Əliyev, Araz Əliyev, Hidayət Hüseynov və digər çıxış edənlər böyük alimin elmi və pedaqoji fəaliyyətindən, yüksək insani keyfiyyətlərindən danışıb, onunla bağlı xatirələrini bölüşüblər.
Sonda alimin ailəsi adından çıxış edən Hikmət Xəlilov göstərilən yüksək hörmət və ehtirama görə tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.