CƏMİYYƏT
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi tərəfindən növbəti aksiya keçirilib
Bakı, 13 noyabr, AZƏRTAC
Noyabrın 13-də Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Avtomobil Səyyar Klinikası Beynəlxalq Gözdən Əlillər Günü münasibətilə Azərbaycan Gözdən Əlillər Cəmiyyətində seminar və tibbi aksiya keçirib.
Mərkəzdən AZƏRTAC-a bildiriblər ki, aksiya çərçivəsində göz xəstəliklərinə qarşı profilaktik tədbirlərin görülməsi haqqında seminar təşkil olunub. Seminarın keçirilməsində əsas məqsəd göz problemləri və bu xəstəliklərlə mübarizə yolları haqqında əhalini maarifləndirməkdir.
Sonra Səyyar Klinikanın həkim heyəti tərəfindən Gözdən Əlillər Cəmiyyətinin 100-ə yaxın üzvü oftalmoloji müayinədən keçirilib.
Humanitar aksiyanın məqsədi operativ şəkildə pasiyentləri müayinə-müalicə və ehtiyac duyulduğu təqdirdə cərrahi əməliyyat etməkdir. Tədbir əsnasında göz xəstəlikləri ilə bağlı monitorinqlər aparılıb, əldə edilən nəticələr və müayinə olunanlarda aşkarlanan görmə problemlərinin həlli yolları müzakirə olunub.
Qeyd edək ki, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikasının Azərbaycanın rayon və şəhərlərində həyata keçirdiyi tibbi aksiyalar mütəmadi xarakter daşıyır və Prezident İlham Əliyevin səhiyyə ilə bağlı reallaşdırdığı layihələrin tərkib hissəsi hesab olunur.
2005-ci ildən etibarən mərkəzin Avtomobil Səyyar Klinikası paytaxtda və respublikanın bir çox rayon və şəhərlərində aksiyalar keçirir. Səyyar Klinika və mərkəzin bütün filialları ən son texnoloji avadanlıqlarla təchiz olunub. Klinikada təcrübəli və xaricdə ixtisas keçmiş həkim-oftalmoloqlar bütün göz xəstəliklərinin müayinə və müalicəsi, eləcə də əməliyyatı ilə məşğul olurlar. Bununla yanaşı, 2018-ci ildən mərkəzin Dəmir yolu Səyyar Klinikası fəaliyyətə başlayıb.
Bu gün dövlət səviyyəsində göz xəstəliklərinin qarşısının alınmasına yönəldilmiş çoxlu sayda tədbirlər həyata keçirilir. Mərkəz tərəfindən keçirilən aksiyalar da bu tədbirlər çərçivəsində reallaşdırılır.