CƏMİYYƏT


Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinın əməkdaşları peyvənd olunublar

Bakı, 23 yanvar, AZƏRTAC

Ötən həftənin əvvəlindən etibarən Azərbaycanda koronavirus COVID-19 əleyhinə vaksinasiyaya start verilib. Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi və Mərkəzin Masallı regional filialının əməkdaşları peyvənd olunublar.

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin elmi-məlumat və təşkilati metodik bölməsinin rəhbəri, tibb üzrə fəlsəfə doktoru Yazgül Abdıyeva AZƏRTAC-a bildirib ki, mərkəzin və filialın əməkdaşları virusa qarşı immun sistemini gücləndirmək üçün bu aksiyada könüllü iştirak edib. Peyvənd olunan əməkdaşlarda hər hansı mənfi təsir aşkar olunmayıb.

Bu aksiyanın davamı kimi vaksinasiya prosesi Milli Oftalmologiya Mərkəzinin digər regional filiallarında da davam etdiriləcək.

Vaksin insanların həyatını qurtarmağa, koronavirus pandemiyası ilə mübarizədə dönüm nöqtəsi olacaq. Bundan sonra insanlar normal həyatlarına dönə biləcək. Vaksin edildikdən sonra immunitet sistemi virusu tanıyır, onunla mübarizə aparan anticisimlər yaranır. Azərbaycanda əhalinin vaksinasiya olunması üçün istifadə olunan Çinin “Sinovac” şirkətinin istehsal etdiyi “CoronoVAC” peyvəndi ənənəvi, etibarlı və sınanmış inaktiv platformada hazırlanıb. Vaksin klinik sınaqlardan keçirilib, çox təsirlidir və mənfi təsirləri yoxdur.

Vaksin bir insana iki dozada vurulur. Dozalararası müddət 21 gün müəyyənləşdirilib. İlkin mərhələdə yalnız dövlət xəstəxanalarında vaksinasiya aparılacaq. Vaksin “soyuq zəncir” şəraitinə uyğun olaraq saxlama məntəqələrində qorunacaq. Təsdiq olunmuş Vaksinasiya Strategiyasına uyğun olaraq Azərbaycanda vaksinasiyanın birinci mərhələsində səhiyyə işçiləri, 65 yaşdan yuxarı şəxslər və hüquq-mühafizə orqanları tərəfindən əks-epidemik tədbirlərə cəlb olunan heyət peyvənd olunacaq.

“Bu insanlara gözəl nümunə və çağırışdır. Bu prosesə qoşulmaq pandemiya ilə mübarizədə əsas prioritetlərdən biridir. Hər kəsi sağlamlıqları üçün vaksinasiyaya qoşulmağa dəvət edirik”,- deyə Yazgül Abdıyeva çağırış edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.