CƏMİYYƏT
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin zəif görənlər bölməsinin təqdimatı olub
Bakı, 18 sentyabr, AZƏRTAC
Sentyabrın 18-də akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin zəif görənlər (Low Vision) bölməsinin təqdimatı olub.
AZƏRTAC xəbər verir ki, tədbirdə tibb müəssisəsinin həkim-oftalmoloqu Aysel Əkbərova bu xidmətin ölkədə ilk dəfə olaraq məhz akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində yaradıldığını deyib: “Bəzən göz xəstəlikləri müalicə olunsa da, nəticədə əldə olunan görmə həyat fəaliyyətində insanlara kifayət etmir. Onlar oxumaqda, televizor izləməkdə əziyyət çəkir, sosial, məişət həyatında əvvəlki aktivliklə yaşaya bilmirlər. Bu problemlə üzləşənlərin əksəriyyəti az görmə ilə qane olur, aşağı keyfiyyətli həyat sürürlər. Məhz bu cür problemlərlə üzləşənlər üçün akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində yüksək elmi potensiala malik zəif görənlər bölməsi yaradılıb. Azərbaycanda bir ilk olan və yeni fəaliyyətə başlayan bölmə ən son texnologiyalarla təchiz olunub. Burada hər bir xəstəyə fərdi yanaşılır. Onun həyat fəaliyyətini və səviyyəsini rahatlatmaq məqsədilə son texnologiya olan “Low Vision” cihazları seçilir və təyin edilir. Xüsusi mikroskopik və teleskopik eynəklər, lupalar, işıq filtrləri və digər cihazlar vasitəsilə xəstələrin görmə qabiliyyətini 2-3 dəfə artırmaq mümkündür. Burada 0-3 yaş qrupuna daxil olan uşaqlara xüsusi əhəmiyyət verilir. Çünki balacaların inkişaf dövründə anadangəlmə katarakta, qlaukoma kimi müxtəlif xəstəliklərlə qarşılaşması və ya bəzən xəstəliyin beyindəki hansısa bir görmə sinirinə təsiri onların görmə qabiliyyətini zəiflədir. Belə uşaqlara vaxtında müdaxilə edildikdə müsbət nəticələr əldə etmək olar. Bu yaş qrupuna aid olanlara habitasiya müalicəsi tətbiq edilir. Adıgedən üsul nəinki, ölkəmizdə, hətta dünyada da bir yenidir. Əgər dörd aylıq körpə əşyaya, işığa reaksiya vermirsə, bu, görmə ilə əlaqəli problemdən qaynaqlana bilər. Körpədə xəstəlik aşkarlanıbsa, həmin uşağa tətbiq edilən habitasiya proqramı vasitəsilə ona xaricdən görmə funksiyası qazandırmaq mümkündür”.
Sonra tədbir əsnasında həkim-oftalmoloq tərəfindən görmə problemi olan uşaqlar müayinə ediliblər.
Qeyd edək ki, akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həyata keçirdiyi yeniliklər və tədbirlər ölkə başçısının səhiyyə ilə bağlı reallaşdırdığı layihələrin əsas tərkib hissələrindən hesab olunur. Mərkəzin Bakı ilə yanaşı Gəncə və Masallı filialları da ən son texnoloji avadanlıqlarla təchiz olunub. Klinikada təcrübəli və xaricdə ixtisas keçmiş həkim-oftalmoloqlar bütün göz xəstəliklərinin müayinə və müalicəsi, eləcə də əməliyyatlarını icra edirlər.
2005-ci ildən mərkəzin avtomobil Səyyar Klinikası mütəmadi olaraq respublikasının müxtəlif regionlarında pasiyentlərə xidmət göstərir. Bununla yanaşı, 2018-ci ildən akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar Qatarı da fəaliyyətə başlayıb.