ELM VƏ TƏHSİL
Akademik Zərifə Əliyeva adına liseydə “Heydər Əliyev və Azərbaycan” mövzusunda mühazirə dinlənilib
Bakı, 20 sentyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü Gövhər Baxşəliyeva Bakının Yasamal rayonundakı akademik Zərifə Əliyeva adına liseydə keçirilən tədbirdə iştirak edib.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, tədbirdə G.Baxşəliyeva müstəqillik illərində Azərbaycan təhsil sistemində əldə edilən nailiyyətlərdən danışıb. Bu dövrdə təhsil sahəsində uğurla həyata keçirilən islahatlardan söz açan alim Milli Məclisdə təhsilin hüquqi bazasının yaradıldığını, müasir tələblərə cavab verən “Təhsil haqqında” Qanunun qəbul olunduğunu qeyd edib.
G.Baxşəliyeva Azərbaycanda təhsil sisteminin uğurla inkişaf etdiyini və dünya təhsilinə inteqrasiya olunduğunu diqqətə çatdırıb. O, ölkəmizin bütün regionlarında, o cümlədən ən ucqar kəndlərində məktəblərin inşa edildiyini, bu təhsil ocaqlarının ən müasir informasiya texnologiyaları ilə təmin olunduğunu xüsusi vurğulayıb.
Sonra liseyin XI sinif şagirdləri G.Baxşəliyevanın “Heydər Əliyev və Azərbaycan” mövzusunda mühazirəsini dinləyiblər.
Milli Məclisin deputatı məruzədə ulu öndər Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gələndən sonra respublikamızın əldə etdiyi uğurlardan danışıb, unudulmaz rəhbərin adının tarixə əbədi həkk olunduğunu bildirib. Ümummilli lider Heydər Əliyevin liderlik keyfiyyətlərinin dünya miqyasında qəbul olunduğunu söyləyən G.Baxşəliyeva Ulu Öndərin siyasətinin hazırda Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirildiyini vurğulayıb.