REGİONLAR
Akademik Zərifə Əliyeva nəinki Azərbaycan, dünya oftalmologiya elminə də böyük töhfələr verib
Kürdəmir, 24 aprel, AZƏRTAC
Aprelin 24-də Kürdəmir Rayon Mərkəzi Xəstəxanasında Azərbaycanda oftalmologiya elminin inkişafında müstəsna xidmətləri olan akademik Zərifə xanım Əliyevanın anadan olmasının 96-cı ildönümünə həsr edilən tədbir keçirilib. Tədbirdə rayon rəhbərliyi, səhiyyə işçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə rayon icra hakimiyyəti başçısının ictimai-siyasi və humanitar məsələləri üzrə müavini Vəsilə Əsgərli, baş həkim Eynulla Novruzov, oftalmoloq həkim Babək Tahirov və başqaları çıxış edərək, nəinki Azərbaycan, dünya oftalmologiya elminə də böyük töhfələr verən akademik Zərifə xanım Əliyevanın zəngin və mənalı ömür yolundan danışıblar. Qeyd olunub ki, Zərifə xanım Əliyeva yaddaşlarda gözəl alim, qayğıkeş insan, ləyaqətli ziyalı, sədaqətli ömür yoldaşı, gözəl ana kimi əbədiləşib. Vurğulanıb ki, sıravi həkimlikdən akademikliyə qədər yüksələn Zərifə xanım Əliyevanın zəngin irsi - tibbin müxtəlif sahələr üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq səhifələrini təşkil edir. Bu böyük elm xadimi 150-dən artıq elmi əsərin, 10 monoqrafiyanın və bir sıra dərs vəsaitlərinin müəllifi olub.
Çıxışlarda akademik Zərifə xanım Əliyevanın ictimai xadim kimi səmərəli fəaliyyəti də geniş qeyd edilib. Bildirilib ki, keçmiş SSRİ Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycanın Sülhü Müdafiə Komitəsi sədrinin müavini, respublika “Bilik” Cəmiyyəti İdarə Heyətinin, Ümumittifaq Oftalmoloqlar Elmi Cəmiyyəti Rəyasət Heyətinin üzvü olub, Əməkdar elm xadimi kimi şərəfli adı ləyaqətlə daşıyıb.
Çıxışlarda Zərifə xanımın həm də sədaqətli ömür-gün yoldaşı, gözəl ana olması da vurğulanıb. Qeyd olunub ki, həkim kimi fədakarlığı, yüksək vətəndaşlıq məsuliyyəti, səmimiliyi, insanlara və onların problemlərinə göstərdiyi qayğı Zərifə xanım Əliyevanı hər kəsə sevdirib, onu gələcək nəsillər üçün əsl nümunəyə çevirib.