CƏMİYYƏT
Akademik Zərifə Əliyevanın xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq
Bakı, 24 aprel, AZƏRTAC
Suraxanıda Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 12 nömrəli Birləşmiş Şəhər Xəstəxanasında görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 96-cı ildönümünə həsr olunmuş tədbir keçirilib.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildirilib ki, tədbirdə 12 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının, 24 nömrəli şəhər poliklinikasının və 8 nömrəli Birləşmiş Uşaq Xəstəxanasının kollektivləri iştirak ediblər.
Tədbirdə çıxış edən 12 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi Bəhlul Məmmədov bildirib ki, görkəmli elm xadimi, dünya şöhrətli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 96-cı ildönümü ölkəmizdə geniş qeyd edilir, əziz xatirəsi sonsuz məhəbbətlə anılır, yad edilir.
24 nömrəli şəhər poliklinikasının baş həkimi Hacağa Bağırov, 8 nömrəli Birləşmiş Uşaq Xəstəxanasının həkimi Mehriban Hüseynova, 12 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının əməkdaşı Suqra Məlikova akademik Zərifə xanım Əliyevanın zəngin elmi fəaliyyəti, tibb sahəsində qazandığı uğurlar barədə ətraflı məlumat veriblər.
Tədbirdə Suraxanı Rayon İcra Hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Nazim Fətullayev qeyd edib ki, oftalmologiya elmi sahəsində uzun illər dəyərli tədqiqatlar aparan, intellektual səviyyəsi, özünəməxsus tədqiqatçılıq məharəti, qələminin qüdrəti ilə elmin ən uca mərtəbələrini fəth edən Zərifə xanım Əliyeva görkəmli alim, müəllim, ictimai proseslərdə fəal Azərbaycan qadını kimi milli elm tarixinə möhürünü vurub. Akademik Zərifə xanım Əliyevanın böyük zəhmət hesabına ərsəyə gətirdiyi dərs vəsaitləri, elmi monoqrafiyalar bu gün təkcə Azərbaycanın deyil, ümumilikdə dünya oftalmologiyasının sanballı xəzinəsinə çevrilib.
Akademik Zərifə xanım Əliyeva fəaliyyəti boyu həkimlik etikasını uca tutmuş, insan sağlamlığını ictimai sərvət, insanların gözlərinə nur bəxş olunmasını isə bəşəri humanizm kimi dəyərləndirib.
Zərifə xanım Əliyevanın işıqlı obrazı yüksək vətənpərvərlik və humanizm rəmzi kimi həmişə bizimlə qalacaq, onun parlaq xatirəsi daim anılacaq, qədirbilən xalqımızın qəlbində əbədi yaşayacaqdır.