CƏMİYYƏT
Akademik Ziyad Səmədzadə “Azərbaycanın Qüruru” qızıl ordeninə layiq görülüb
Bakı, 6 mart, AZƏRTAC
Martın 6-da Beynəlxalq Elmlər Akademiyasının Azərbaycan bölməsinin inzibati binasında təqdimat mərasimi keçirilib.
Mərasimdə iqtisad elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvü, Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə “Azərbaycanım” beynəlxalq jurnalı tərəfindən təsis olunmuş “Azərbaycanın Qüruru” qızıl ordeni ilə təltif olunub.
Mükafatı akademik Ziyad Səmədzadəyə Beynəlxalq Elmlər Akademiyasının fəxri akademiki, “Azərbaycanım” beynəlxalq jurnalının təsisçisi və baş redaktoru Emil Nəsirli təqdim edib.
Emil Nəsirli vurğulayıb ki, Ziyad Səmədzadə tanınmış ictimai-siyasi xadim olaraq vətənpərvər fəaliyyəti, humanizmə, mərhəmətə, nəcibliyə söykənən əməlləri, dövlət idarəçiliyində, qanunvericilik aktlarının formalaşmasında, iqtisadiyyat sahəsində, respublikamızın beynəlxalq əlaqələrinin inkişafında, eləcə də digər mühüm sahələrdə fəaliyyəti ilə böyük nüfuz qazanıb. Genişmiqyaslı araşdırmaları ilə müasir iqtisad elminin, eləcə də Azərbaycanın sosial-iqtisadi inkişaf problemlərinin öyrənilməsinə sanballı töhfələr vermiş tanınmış elm xadimi, Milli Məclisin deputatı, “Şöhrət” və “Şərəf” ordenli, akademik Ziyad Səmədzadənin elmi və ictimai-siyasi fəaliyyətinin hər zaman yüksək qiymətləndirildiyini qeyd edən Emil Nəsirli akademikin iqtisadi inkişaf, onun sürət və proporsiyaları, struktur, səmərəlilik, bazar iqtisadiyyatı, iqtisadi təhlükəsizlik, hərbi dövrün iqtisadiyyatı və s. problemlərə dair 500-dən çox elmi məqalənin, 14 monoqrafiyanın, çoxsaylı əsərlərin tərtibçisi və elmi redaktoru olduğunu bildirib.
Baş redaktor dünya ölkələrinin iqtisadi inkişaf təcrübəsini dərindən öyrənən və onların mütərəqqi cəhətlərini Azərbaycanda təbliğ edən alimin zəngin fəaliyyətinin hər zaman dövlətin və xalqın tələblərinə cavab verdiyini xüsusi vurğulayaraq, mənalı ömür yolunun 80-ci pilləsinə qədəm qoymuş akademik Ziyad Səmədzadənin bu gün də yorulmadan yazıb-yaratmasını, Milli Məclisdə və cəmiyyətdə fəallığı ilə daim seçildiyini, elmi çevrələrdə Azərbaycanda iqtisad elminin ağsaqqalı kimi qəbul olunduğunu tədbir iştirakçılarının nəzərinə çatdırıb. E.Nəsirli vurğulayıb ki, Milli Məclisin deputatı kimi respublikada iqtisadi qanunvericilik bazasının möhkəmləndirilməsi, büdcə sisteminin təkmilləşdirilməsi, iqtisadi innovasiyaların inkişafı və s. məsələlərin həllində fəal iştirak edən akademik səriştəli iqtisadçı kadrların hazırlanmasında, yüksəkixtisaslı elmi tədqiqatçıların yetişdirilməsində də mühüm xidmətlər göstərib.
Akademik Ziyad Səmədzadəni “Azərbaycanım” beynəlxalq jurnalının təsis etdiyi “Azərbaycanın Qüruru” qızıl ordeni ilə təltif olunması münasibətilə bir daha “Azərbaycanım” beynəlxalq jurnalının Redaksiya Şurası və jurnalın kollektivi adından təbrik edən Emil Nəsirli, alimə uzun ömür, möhkəm cansağlığı, elmimizin inkişafı yolunda yeni nailiyyətlər arzulayıb.
AMEA-nın həqiqi üzvü, Milli Məclisinin deputatı Ziyad Səmədzadə “Azərbaycanın Qüruru” qızıl ordeninə layiq gördüklərinə görə jurnalın Redaksiya Şurasına və kollektivinə minnətdarlığını bildirib və vurğulayıb ki, ömrünün bundan sonrakı dönəmində də vətəninə, elinə, torpağına sadiq bir insan olaraq vətənimizin, xalqımızın, elmimizin inkişafı naminə daha yüksək əzmlə çalışacaq.