ELM VƏ TƏHSİL


Akademik: zamanında görülən tədbirlər xalqımızı pandemiyanın gözlənilən ağır nəticələrindən qoruya bildi

Bakı, 23 iyun, AZƏRTAC

Yeni növ koronavirus (COVID-19) bəşər tarixində görünməmiş dərəcədə dəhşətli virusdur. O, heç bir səhlənkarlığı “bağışlamır”. Artıq dünyada 9 milyondan çox insan koronavirusa yoluxub, 480 minədək insan isə bu bəlanın qurbanı olub. Xalqımız koronavirus infeksiyasından 161 vətəndaşını itirib. Zamanında görülən tədbirlər xalqımızı pandemiyanın gözlənilən ağır nəticələrindən qoruya bildi. Dünyanın ən güclü hesab edilən dövlətləri bu bəla qarşısında aciz qaldığı halda, ölkəmiz bu hal ilə qarşılaşmadı.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində AMEA-nın akademik Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov söyləyib.

Akademik bildirib ki, dünya üçün bu ağır sınaq günlərində xalqımızı ümumbəşəri bəla olan COVID-19 infeksiyasından maksimum dərəcədə qorumaq üçün Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən ciddi və təxirəsalınmaz tədbirlər həyata keçirilir.

COVID-19 ilə mübarizə üçün ayrılan 3,5 milyard manat vəsaitin ümumdaxili məhsulun dörd faizi qədər olması dövlətimizin bu mübarizəyə sərf etdiyi vəsaitin əyani göstəricisidir. Mübarizənin birinci mərhələsini az itki ilə böyük epidemiya təhlükəsi olmadan keçməyimiz dövlətimizin, həkimlərimizin və polislərimizin fədakar əməyi sayəsində mümkün oldu. Həyatlarını riskə qoyaraq bizləri qoruyan fədakar həkimlərimizə və polislərimizə qarşı diqqətli olmalıyıq. Ən azı səliqə-sahmanlı yaşam tərzimizlə, tələb olunan şərtlərə ciddi riayət etməklə onlara kömək etməliyik.

“Bir neçə saatlıq “istirahət üçün” heç kimin nə özünü, ailəsini, nə də bütövlükdə xalqı risk altında qoymaq haqqı yoxdur. Maska taxmadan, əlləri tez-tez dezinfeksiya etmədən ictimai nəqliyyatda getmək, iş yerlərində çalışmağın təhlükəli olduğunu hər birimiz bilməliyik. Hamımız “Evdə qal” çağırışına mümkün qədər ciddi riayət etməli, maska taxmadan işə, ictimai yerlərə getməməli, sosial məsafəni saxlamalı, bizi qoruyan həkimlərimizə və polislərə hörmətlə yanaşmalıyıq”, - deyə akademik Vaqif Abbasov bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.