ELM VƏ TƏHSİL
Akademiyada elmin kommersiyalaşdırılması istiqamətində görülən işlər barədə məlumat verilib
Bakı, 2 dekabr, AZƏRTAC
Dekabrın 2-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) Biologiya və Tibb Elmləri Bölməsi (BTEB) üzrə “İnnovasiya fəaliyyəti və elmin kommersiyalaşdırılması” mövzusunda seminar keçirilib.
AMEA-dan AZƏRTAC-a bildiriblər ki, tədbirdə AMEA-nın innovasiya şöbəsinin müdiri, aqrar elmlər üzrə fəlsəfə doktoru Vüqar Babayev seminarın əsas məqsədinin elm-istehsalat əlaqələrinin genişlənməsi, multidissiplinar innovativ layihələrin hazırlanması, elmin kommersiyalaşdırılmasının təşkilində patent və lisenziyaların rolu, bu istiqamətdə beynəlxalq təcrübələr və AMEA-nın Təcrübə-Sənaye Zavodunda həyata keçirilən innovativ layihələr ilə tanışlıq olduğunu bildirib. Akademiyada elmin kommersiyalaşdırılması istiqamətində görülən işlər, aparılan uğurlu islahatlar barədə məlumat verən V.Babayev BTEB-nin alim və mütəxəssislərini AMEA-nın yeni yaradılan Yüksək Texnologiyalar Parkının gələcək fəaliyyətində fəal iştiraka, innovativ ideya və təkliflərini təqdim etməyə çağırıb.
İnnovasiya şöbəsinin baş mütəxəssisi Samir Vəliyevin “AMEA-da innovasiya fəaliyyəti və elmin kommersiyalaşdırılmasının təşkili”, müəllif hüquqları və patent şöbəsinin müdiri Sadıx Nəbiyevin “Elmin kommersiyalaşdırılmasında patent və lisenziyaların rolu” mövzularında məruzələri dinlənilib.
Sonra AMEA İdarəetmə Sistemləri İnstitutunun baş elmi işçisi, ERC və HORIZON 2020-də milli əlaqələndirici (NCP), fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Elxan Səbziyev təqdimatla çıxış edərək beynəlxalq proqram və layihələrdə iştirakın imkan və prinsiplərindən danışıb.
Sonda mövzu ətrafında müzakirələr aparılıb.