MƏDƏNİYYƏT


Əkbər Qoşalı: Azərbaycan mədəniyyətlərarası dialoq mühitini Şuşa ilə daha da zənginləşdirir

Bakı, 18 aprel, AZƏRTAC

2022-ci ilin - "Şuşa İli"nin 4-cü ayını yaşayırıq. Şuşada tikinti-quruculuq, təmir-bərpa işləri, demək olar ki, fasiləsiz davam edir. 270 yaşlı Şuşamızın sifəti - əziz, məzmunu - mədəniyyət, ruhu- Azərbaycandır. Dünya azərbaycanlıları üçün Şuşadan başqa Şuşa yoxdur. Şuşanın mədəniyyət məzmunu (necə deyərlər) yalnız dar ixtisas olaraq mədəniyyət deyil. Mədəniyyət burada insan əli, ürəyi və ruhu ilə yaradılmış bütün pozitivləri ehtiva edir. Şuşanın mədəniyyət məzmununda musiqi, poeziya, memarlıq, xalçaçılıq, şəhərsalma, təbiətlə harmoniya, dövlətçilik, birgəyaşayış, xeyirxahlıq, tolerantlıq, hərb sənəti, istehsalat, ticarət... - bütün əməli çalışma sahələri birləşib...

Bu fikirlər Milli Məclisin Mədəniyyət komitəsinin eksperti, Beynəlxalq "Alaş" Ədəbiyyat Mükafatı laureatı, şair-publisist Əkbər Qoşalının “Azərbaycan mədəniyyətlərarası dialoq mühitini Şuşa ilə daha da zənginləşdirir” sərlövhəli yazısında yer alıb. AZƏRTAC yazını təqdim edir.

Pənahəli xan Cavanşir, Ağabəyim ağa, İbrahimxəlil xan Cavanşir, Gövhər ağa, Xanqızı Natəvan, Xan Şuşinski, Nəvvab, general Mehmandarov, Üzeyir və Ceyhun Hacıbəyli qardaşları, Yusif Vəzir Çəmənzəminli, Firidun bəy Köçərli, Əbdürrəhim bəy Haqverdiyev, Əhməd Ağaoğlu, Nəcəf bəy Vəzirov... - hər birinin həyat və yaradıcılığı Şuşanın özündən böyük mənasını, Şuşanın mədəniyyət iqlimini ifadə və ehtiva edir.

Şuşa azad olunduqdan sonra qalib ölkə mədəniyyətini, sülh mədəniyyətini bütün dünyaya nümayiş etdirən biz olduq. 28 il Şuşanı işğal altında saxlayan zehniyyətinin nümayişi isə ancaq və ancaq əda idi, qudurmuşluq idi...

Bəli, Şuşa ötən ildən rəsmən, qanunən Mədəniyyət paytaxtımızdır. Bu ilimiz “Şuşa İli”dir, gələn ilsə Şuşa “Türk dünyasının Mədəniyyət Paytaxtı” olacaq. Bir sonrakı ilin “İslam Mədəniyyəti Paytaxtı” statusunun da Şuşada olacağı gözlənilir. Əbədi olaraqsa, Azərbaycanın Mədəniyyət paytaxtıdır! Bu qalıcı və keçici statuslar bir ildə, bir dönəmdə qalmır, ruha işləyir, şüura keçir, gələcəyə ötürülür.

Ötən il Şuşaya iki önəmli səbəblə səfər fürsətim olub: Vaqif Poeziya Günləri və türk ölkələri jurnalistlərinin mediaturunda. Şuşa qəlboxşayan, könülaçan, üfüq qazandıran şəhərdir.

Mühüm festival və səfərlər bu il də olacaq. Əziz Şuşa gələn ay “Xarıbülbül” festivalına yenidən ev sahibliyi edəcək.

Şəhərin əsl sahibləri gəlib və dağlar incisini işğal mədəniyyətsizliyindən arındırır, azadlıqdan abadlığa qovuşdurur.

Ötən ildən bəri Heydər Əliyev Fondunun təşəbbüsü, dəstəyi və zövqü ilə təmir-bərpa olunan mədəniyyət ocaqları, abidələr və festivallar insana, insanlığa Şuşa ismarıclarımızdır.

Əgər ötənilki "Xarıbülbül"də respublikamızda yaşayan xalqların yaradıcı nümayəndələri, ifaçıları öz məharətlərini nümayiş etdirmişdisə, bu il, müxtəlif ölkələrdən təşrif buyuracaq folklor kollektivləri Şuşada çıxış edəcək. Bilirsiniz, bütün bunlar sıradan hadisə deyil; hadisə kimi hadisələrdir. Bunlar dövlətimizin gücünü, gücün mədəniyyətini, mədəniyyətin gücünü göstərir. Göstərir ki, bu ölkədə siyasi iradə var, dövlət-xalq birliyi var, əzm var, aydın üfüqlər var.

Bizim Şuşanı azad etməyimizlə göyünə quş, kor bulağına su qayıdan Şuşada dalğalanan müqəddəs bayrağımızın səfası bütün qədim yurd yerlərimizə dalğa-dalğa yayılır... Şuşaya gedən yollar Şuşada bitmir...

Sivilizasiyalar, mədəniyyətlərarası dialoq ünvanı olan Azərbaycan, öz əziz Şuşası ilə bu dialoq mühitini daha da zənginləşdirir. Bu zənginlik erməni vandalizmini, XXI yüzillikdə yarımtayfa təfəkkürü ilə davranışları yad element kimi itələyir, çıxdaş edir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.