CƏMİYYƏT


Akif Qurbanov: seroloji testlərin nəticələrindən çox şey asılıdır VİDEO

Bakı, 29 avqust, AZƏRTAC

Seroloji testlər mikroorqanizmlərin, o cümlədən virusların törətdiyi xəstəliklərdə çoxdan istifadə edilir və qan zərdabında virus əleyhinə anticisimlərin aşkar edilməsinə yönələn testlərdir. Həmin testlər vasitəsilə hər hansı bir şəxsin qan zərdabında istənilən mikroorqanizmə qarşı anticisimlərin olub-olmamasını aşkar etmək olur.

AZƏRTAC xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın avqustun 29-da keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyəti yanında tibbi-elmi komitəsinin sədri, professor Akif Qurbanov deyib.

Onun sözlərinə görə, seroloji testlərdən diaqnostik məqsədlər üçün istifadə edilmir, çünki virus orqanizmə daxil olduqdan ən azı bir həftə sonra anticisimlər qan zərdabında əmələ gəlməyə başlayır: “Ona görə də əgər bununla diaqnoz versək, çox gecikmiş olarıq. Anticisim testi əhalinin hansı qismində bu xəstəliyi keçirib-keçirmədiyini öyrənmək üçündür. Anticisimlərin əmələ gəlməsini öyrənməklə bütün əhali qrupu arasında hansı insanların virusa qarşı immunitet qazandığını aşkar etmək mümkündür və gələcək əks-epidemik tədbirlər də bunun üzərindən aparıla bilər. Bu, bir proqnostik əhəmiyyət daşıyır. Hazırda TƏBİB bununla məşğul olur və COVID-19-la əlaqədar seroloji testlərə başlanılıb. Bu, könüllülük əsasında olsa da, heç də o demək deyil ki, kim istəsə belə test verə bilər. Seroloji testin təsadüfi seçilmiş qruplar arasında aparılması düzgün nəticə əldə etməyə imkan verir”.

TƏBİB-in nümayəndəsi daha sonra deyib: “Hazırda əhalinin neçə faizinin bu xəstəliyi keçirməsini öyrənməliyik. Əgər əhalinin 50-60 və ya daha çox faizi bu xəstəliyi keçiribsə, artıq karantin rejimində də yumşaltmalara getmək olar. Məsələn, aşkar edilsə ki, insanların üçdəikisi immunitet qazanıb, onlarda anticisimlər var, onda karantin rejimində çox sərtləşdirməyə ehtiyac olmayacaq. Test nəticəsində 15-20 və ya 30 faiz nəticə əldə edilsə, deməli, əhalinin böyük qismi bu xəstəliyə yoluxmayıb, onda karantin tədbirlərinə daha ciddi əməl etmək lazım olacaq”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.