CƏMİYYƏT
Əkiləcək 650 min ağac böyük şair İmadəddin Nəsiminin xatirəsinə ithaf edilmiş yaşıl abidələr olacaq
Bakı, 29 noyabr, AZƏRTAC
İnsanların əhvalını yüksəldən, onlarda pozitiv ruh yaradan, sağlamlığına, ətraf mühitin vəziyyətinə müsbət təsir göstərən yaşıllıq sahələrinin çoxluğu arzuolunandır. Azərbaycanda da yaşıllıq zolaqlarının salınması, onların sahələrinin artırılması yüksək səviyyədə həyata keçirilir. Bu məqsədlə müxtəlif ekoloji aksiyalar, kampaniyalar təşkil olunur, hər kəs böyük şövqlə ətraf mühitin sağlamlaşdırılmasına töhfə verməyə çalışır. Təşkil olunan müxtəlif ekoloji aksiyalar arasında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın dahi şair İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar bir gündə 650 min ağac əkilməsi təşəbbüsünü xüsusi qeyd etmək lazımdır. Şairin yaradıcılığında insan və təbiət münasibətlərinin harmoniyası xüsusi yer tutduğuna görə, dekabrın 6-da keçiriləcək ağacəkmə aksiyası həm böyük şairin xatirəsinin əbədiləşdirilməsi, həm də ölkəmizin yaşıllaşdırılması, ətraf mühitin sağlamlaşdırılması baxımından dəyərli töhfə olacaq. Azərbaycanın ədəbi və mədəni irsinin tanıdılması məqsədi daşıyan həmin təşəbbüsə respublikamızın bütün bölgələrində geniş ictimaiyyət nümayəndələri, həmçinin dövlət və hökumət qurumlarının, diplomatik korpusun, icra hakimiyyətləri orqanlarının, qeyri-hökumət təşkilatlarının nümayəndələri və könüllü gənclər qoşulacaqlar.
Ən çox ağac Şamaxı rayonunda əkiləcək
Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev AZƏRTAC-a bildirib ki, ən çox ağac mütəfəkkir şairin doğulduğu Şamaxı rayonunda əkiləcək. Həmin rayonda 50 min ağac əkilməsi planlaşdırılıb.
Firdovsi Əliyevin sözlərinə görə, nazirlik bu nəcib təşəbbüs ilə əlaqədar xəritə hazırlayıb. Xəritədə Naxçıvan Muxtar Respublikası da daxil olmaqla Azərbaycanın regionlarında ağacların əkiləcəyi yerlər qeyd olunub: “Xəritə əsasında Yeni Azərbaycan Partiyasının rayon təşkilatlarının fəalları ilə birgə ağac əkiləcək ərazilərin monitorinqinə başlanılıb və ərazilərə nəzarət ağaclar əkildikdən sonra da davam edəcək. Bu da təbii ki, ağac əkən insanların, qurumların məsuliyyətini artıracaq. İctimai nəzarət nə qədər güclü olarsa, bitiş faizi də o qədər yüksək olar. Təşəbbüs çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tinglik təsərrüfatlarında yetişdirilən 50 növə yaxın ağac əkiləcək. Ağacların böyük hissəsi magistral yolların kənarlarında əkiləcək. Bu da ölkəmizin daha da gözəlləşməsinə xidmət edəcək”.
Nazir müavinin sözlərinə görə, ağacəkmədə iştirak edən qurumlar ağaclara aqrotexniki qulluğu özləri həyata keçirəcəklər.
Ağac əkmək, böyütmək ekoloji tarazlığın qorunmasına xidmət edir
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın bir gündə 650 min ağac əkilməsi təşəbbüsünün hər baxımdan alqışalayiq olduğunu deyən Milli Məclisin deputatı Sahib Alıyev bu nəcib addımın təkcə böyük Azərbaycan şairi və mütəfəkkirinin xatirəsinə ehtiram deyil, həm də onun ruhuna dua olduğunu bildirib: “Üstəlik, bir ağacın insanın gündəlik oksigen tələbatının 14 faizini ödədiyini nəzərə alsaq, onda 650 min ağacın əkilməsi gələcəkdə təqribən 90 min insanın oksigenlə tam təmin olunması deməkdir. Bir gündə bu qədər ağac əkilməsi öz kökünə hörmətlə yanaşı, həm də mənəvi sağlamlıq göstəricisidir. Digər tərəfdən, ağac əkmək, böyütmək ekoloji tarazlığın qorunmasına xidmət edir. Ağacların təbiətdə oynadığı rolu hər kəs yaxşı bilir”.
Bakı Dövlət Universitetinin dosenti, kimya elmləri üzrə fəlsəfə doktoru Abuəli Hüseynli Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsünü Nəsiminin xatirəsinə gözəl bir ithaf olmaqla yanaşı, ətraf mühitin sağlamlaşdırılması istiqamətində atılmış növbəti faydalı addım kimi qiymətləndirib. Abşeron yarımadasının yaşıllaşdırılmasına ehtiyac olduğunu deyən mütəxəssis diqqətə çatdırıb: “Abşeron torpaqları neftlə çirklənib. Burada torpaqların təbii təmizlənməsinə kömək edə bilən şam, zeytun, badam, əncir ağacları əkmək lazımdır. Bununla yanaşı, zeytun, badam, əncir ağaclarının meyvələri ilə həm daxili tələbatı ödəmək, həm də onları xarici ölkələrə ixrac etmək olar. Ölkə başçısının ətraf mühitin mühafizəsinə göstərdiyi diqqət sayəsində yaşıllıq ərazilərinin sahəsi artır. Yaşıllıqlar nə qədər çox olarsa, Abşeronun havası bir o qədər də təmizlənər. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın bu nəcib təşəbbüsünə qoşulan hər kəs sağlam gələcəyə töhfə vermiş olacaq”.
Azərbaycanda ətraf mühitin, yaşıllıqların qorunmasına xüsusi diqqət göstərilir
Hazırda dünyada vacib ekoloji problemlərdən biri də qlobal istiləşmədir. İstiləşməyə səbəb olan amillər arasında meşəsizləşmə də əsas yerlərdən birini tutur. İnsanların təbiətə qarşı laqeyd və biganə münasibəti meşələrin, yaşıllıqların məhvi və nəticədə Yer kürəsinin orta temperaturunun artmasına səbəb olur. Buna görə də təbiətsevərlər, beynəlxalq təşkilatlar həyəcan təbili çalır, insanları ətraf mühitə qarşı amansız davranışdan çəkindirməyə çalışırlar.
Azərbaycanda da ətraf mühit və onun mühafizəsinə xüsusi diqqət yetirilir. Xalqımızın ümummilli lideri Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə ölkəmizdə ətraf mühitin qorunması ilə bağlı ekoloji tədbirlərin həyata keçirilməsini daim diqqət mərkəzində saxlayıb. Ulu Öndər yaşıllıqların qorunmasından danışarkən deyirdi: “Hər bir insan ağac əkməlidir, becərməlidir, böyütməlidir. Əgər kimsə sağlam ağacı kəsirsə, o, nəinki xalqına, millətinə, ölkəsinə xəyanət edir, o, öz ailəsinə, özü-özünə xəyanət edir”. Məhz təbiətə olan həmin münasibət, ölkədə ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində həyata keçirilən siyasət sayəsində Azərbaycanda yeni meşələr, parklar və istirahət guşələri salınıb.
Ümummilli Liderin həyata keçirdiyi ekoloji siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ətraf mühitin, meşələrin, yaşıllıqların qorunması daim ölkə başçısının diqqət mərkəzindədir. Dövlətimizin başçısının 2010-cu ili “Ekologiya ili” elan etməsi, habelə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın “Hərəyə bir ağac əkək!” çağırışı nəticəsində respublikamızın hər yerində yaşıllıqların çoxaldılması sahəsində çox böyük işlər görülüb. Hər il yaşından, vəzifəsindən asılı olmayaraq, hər kəs yaşıllaşdırma marafonu çərçivəsində təbiət qarşısında öz borcunu yerinə yetirərək ağacəkmə tədbirlərində iştirak edir.
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə yaşıllaşdırma layihələri, ağacəkmə kampaniyaları keçirilir. Buna nümunə olaraq “Bizim həyət”, “Hər kağızı bir yarpağa dəyişək” layihələrini, “Ümumrespublika yaşıllaşdırma marafonu”nu, Heydər Əliyev Fondunun və IDEA İctimai Birliyinin birgə təşəbbüsü ilə həyata keçirilən “Ağacların kəsilməsinə yox” proqramını qeyd etmək olar.
Ölkəmizdə meşə siyasəti Ekologiya və Təbii Sərvətlər Nazirliyi, onun müvafiq qurumu - Meşələrin İnkişafı Departamenti vasitəsilə həyata keçirilir. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, departament ötən il meşə zolaqları və yaşıllıqların salınmasında iqtisadi səmərə verən bitki növlərindən istifadə səviyyəsini artırmaq, meşə sahələrinin seyrəkləşməsinin və azalmasının, torpaqların eroziyası təhlükəsinin qarşısını almaq və bütövlükdə ekoloji vəziyyəti yaxşılaşdırmaq məqsədilə ölkənin 42,3 min hektar meşə fondu torpaqlarına xidmət göstərib. Bununla yanaşı, 10,2 min hektarda meşə bərpa tədbirləri aparılıb.
Bu il meşə fondu torpaqlarında 14 min 30 hektar ərazidə müxtəlifcinsli ağacların əkiləcəyi nəzərdə tutulub.
Həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Bu yaz özün bir təbiət yarat” devizi altında keçirdiyi yaz ağacəkmə kampaniyası çərçivəsində qurumun əməkdaşlarının, rayon icra hakimiyyətlərinin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə meşə və qeyri-meşə fondu ərazilərində ümumilikdə iqlimə və relyef şəraitinə uyğun 863 mindən çox müxtəlifcinsli ağac əkilib, əhaliyə 305 mindən çox ting paylanılıb. Bütün bunlar şəhər mühitinin sağlamlaşdırılmasına xidmət edir.
Nazirlik yayda yanğın baş vermiş meşə ərazilərində meşə bərpa tədbirlərinin aparmağı da planlaşdırıb. Yanğın baş vermiş ərazilərə payızda əsasən palıd və yerli şəraitə uyğun ağacların toxumlarının səpilməsi nəzərdə tutulub. Meşə bərpa tədbirlərinə noyabrın 25-dən etibarən başlanılıb.
Bütün bunlar Azərbaycanda Yer kürəsinin ən qiymətli sərvəti olan meşələrə, ağaclara, ümumilikdə ana təbiətə qarşı mühafizəkar yanaşmanın, ətraf mühitin qorunmasına göstərilən diqqətin bariz nümunəsidir. Həyata keçirilən tədbirlər ölkəmizdə meşə sahəsinin daha da artacağına, paytaxtımızın, ölkəmizin bölgələrinin başdan-başa yaşıllıqlara qərq olacağına böyük ümidlər doğurur.
Dekabrın 6-da İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə keçiriləcək genişmiqyaslı ağacəkmə aksiyasına qoşulanlar həm torpağa, təbiətə, həm də mənəvi abidələrimizdən olan poeziya ustadımızın xatirəsinə sevgisini ifadə edəcək. Əkilən ağaclar böyük şair İmadəddin Nəsiminin xatirəsinə qoyulmuş yaşıl abidələr olacaq.