REGİONLAR
Əkinçilik Elmi-Tədqiqat İnstitutunun əməkdaşı Slovakiyada araşdırmalar aparıb
Bakı, 18 noyabr, AZƏRTAC
Aqrar Elm və İnnovasiya Mərkəzinin Əkinçilik Elmi-Tədqiqat İnstitutunun Bitki fiziologiyası və biotexnologiya şöbəsinin böyük elmi işçisi Ülkər İbrahimova Slovakiyada səfərdədir. Elmi-Tədqiqat İnstitutunun böyük elmi işçisi Nitra şəhərindəki Kənd Təsərrüfatı Universitetinin Bitki fiziologiyası departamentində “Dəyişən xarici mühit və stress şəraitində məhsuldarlığın artırılması üçün qabaqcıl fenomik yanaşma üsulları vasitəsilə fotosintezin effektivliyinin tədqiq edilməsi” mövzusunda araşdırmalar aparıb.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildiriblər ki, Triticum aestivum L. genotiplərinin quraqlıq və duza davamlılığının təyini istiqamətində Əkinçilik Elmi-Tədqiqat İnstitutunun Genbankından götürülmuş 10 Triricum aestivum L. genotipləri torpaq və hidrofonika olmaqla, iki müxtəlif şəraitdə yetişirilib. Üçüncü yarpaq tam formalaşdıqdan sonra bitkilər stresə məruz qoyulub və yarpaqların nisbi su tutumu (RWC) və osmotik potensialı təyin edilib.
Ülkər İbrahimova sortların stresə həssaslıq dərəcələrini “non destructive” xluorofil fluoressensiya metodları (SPAD, Multiplex, Hand PEA, Photosyn Q) vasitəsilə təyini üzrə təcrübələr aparıb. Həmçinin fizioloji metodlarla yanaşı, molekulyar analiz metodlarını (DNT, RNT və mikro RNT-nin ayrılması, poliadenilləşmə və DNT-nin sintezi reaksiyaları, agaroza və poliakrilamid gellərində elektrofarez, PCR və qRT-PCR reaksiyaları) öyrənib.
Bitki fiziologiyası və Genetika departamentlərinin əməkdaşları ilə sıx elmi müzakirələr aparılıb, gələcək layihələrdə iştirak planlaşdırılıb.