SİYASƏT


Akira Matsunaqa: Ulu öndər Heydər Əliyev Azərbaycanın siyasi tarixində əhəmiyyətli yer tutan böyük şəxsiyyət idi

Tokio, 11 dekabr, AZƏRTAC 

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatından 15 il ötür. Bir türkoloq və tarixçi alim kimi deyə bilərəm ki, ulu öndər Heydər Əliyev Azərbaycan siyasi tarixində əhəmiyyətli yer tutan böyük şəxsiyyət, görkəmli dövlət xadimi idi.

Bu sözləri AZƏRTAC-ın Yaponiyadakı xüsusi müxbirinə müsahibəsində Tokio Universitetinin professoru, Yaponiya Müasir İslam Araşdırmaları Mərkəzinin direktoru Akira Matsunaqa deyib.

Ümummilli lider Heydər Əliyevlə iki dəfə şəxsən görüşdüyünü xatırladan professor qeyd edib ki, xüsusilə Sovet İmperiyası dağıldıqdan sonra müstəqil Azərbaycan Respublikasının yarandığı bir dövrdə həm iqtisadi, həm də siyasi yüksəlişi təmin edən məhz bu böyük dövlət adamı olub. Bildirib ki, məhz Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycan yüksək inkişaf dövrünə qədəm qoyub. Hərtərəfli biliyi, yüksək siyasi savadı, uzaqgörənliyi və böyük təşkilatçılıq qabiliyyəti ilə seçilən Heydər Əliyev dünya tarixinə dərin iz salan bir siyasətçi olub. Bugünkü möhtəşəm Azərbaycanı yaradan da, onun əsasını qoyan da məhz Heydər Əliyev olub.

Azərbaycanın müstəqilliyinin ilk illərində ölkədə mövcud olan iqtisadi xaosu, qarışıqlığı xatırladan A.Matsunaqa bildirib ki, Heydər Əliyevin ölkənin inkişaf yoluna çıxmasında gördüyü ən önəmli işlərdən biri Bakı-Tbilisi-Ceyhan neft kəmərinin inşasıdır. Tarixə “Əsrin müqaviləsi” kimi daxil olan müqavilə nəticəsində yaranan bu boru xətti dünyanın “BP”, “Amoco”, “Ramco”, “UNOCAL”, “McDermot”, “Lukoyl”, “Statoyl” kimi aparıcı beynəlxalq şirkətləri ilə yanaşı, Yaponiyanın “İtochu” və “İnpex” şirkətlərini bir araya gətirdi. Bütün bunlar Heydər Əliyevin uğurlu siyasəti nəticəsində mümkün oldu. Bu boru xəttinin tikintisi hazırda da Azərbaycanın inkişafında böyük rol oynayır. Bununla yanaşı, Heydər Əliyev təkcə iqtisadi inkişafa deyil, eyni zamanda, ölkənin mədəni və elmi inkişafına da böyük stimul yaratdı. Yeni universitet və məktəblərin açılması mədəni və elmi inkişafa böyük təsir göstərdi.

A.Matsunaqa qeyd edib ki, böyük siyasətçi olan Heydər Əliyev, eyni zamanda, Azərbaycanın beynəlxalq aləmdə tanınmasında, dünya dövlətləri arasında layiqli yer tutmasında mühüm rol oynadı.

Yaponiya və Azərbaycan arasında əlaqələrin qurulmasında Heydər Əliyevin böyük rolunun olduğunu söyləyən yapon professor bildirib ki, bu münasibətlərin əsası məhz onun tərəfindən qoyulub. Heydər Əliyev dünyanın inkişaf etmiş dövlətlərindən biri olan Yaponiya ilə əlaqələrin əhəmiyyətini çox yaxşı dərk edirdi və buna görə də 1998-ci ildə bu gündoğar ölkəyə səfərə gəlmişdi. Həmin səfər zamanı Heydər Əliyevin keçirdiyi görüşlərdə şəxsən iştirak etdiyini böyük iftixarla xatırladığını qeyd edən A.Matsunaqa bildirib ki, onunla ilk dəfə 1994-cü ildə Bakıda tanış olub. Məhz bu görüşlər zamanı onun həqiqətən də çox güclü siyasətçi olduğunun şahidi olub. Heydər Əliyev Yaponiyaya gəlişiylə bu iki dövlət arasında həm siyasi, həm də iqtisadi əlaqələrin inkişafının əsasını qoydu. Belə ki, Yaponiya və Azərbaycan əlaqələri məhz Heydər Əliyevin sayəsində başladı və hazırda Prezident İlham Əliyevin fəaliyyəti sayəsində yüksək səviyyədə davam edir.

Azərbaycana yaponlar tərəfindən olan marağın günbəgün artdığını qeyd edən A.Matsunaqa bildirib ki, bunu regionun lider dövləti olan ölkəmizlə bağlı son illər Yaponiyada nəşr edilən kitablar da təsdiq edir. Cari ildə Tokionun “Akaşi” nəşriyyatı tərəfindən “Azərbaycanı öyrənmək üçün 67 məqalə” adlı kitabın çap olunduğunu xatırladan professor bildirib ki, həmin nəşrdə 45 müəllifin 67 məqaləsi toplanıb. Son kitab müasir Azərbaycan dövləti, onun tarixi, mədəniyyəti, coğrafi mövqeyi, ədəbiyyatı, dil tərkibi, sosial-iqtisadi inkişafı, enerji resursları, mətbuat tarixi, ölkədə baş verən siyasi proseslər, onun dünyaya inteqrasiya istiqamətində atdığı addımlar, beynəlxalq təşkilatlarda iştirakı, memarlığı, turizm potensialı və digər mövzularda son illər Yaponiyada nəşr olunan ən sanballı əsərdir. Eyni zamanda, bu kitab cari ildə dünyanın hər yerində, o cümlədən Yaponiyada qeyd edilən Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə layiqli töhfədir. Düşünürəm ki, bu kitab Azərbaycanın Yaponiyada daha yaxından tanıdılmasına böyük təsir göstərəcək. Həmin kitabda Azərbaycan tarixi, ədəbiyyatı və mətbuatı barədə onun da məqalələrinin yer aldığını qeyd edən A.Matsunaqa belə bir mühüm işdə əməyinin olmasından şərəf duyduğunu bildirib. Vurğulayıb ki, bu kitabı oxuyan yaponlar əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan müasir müstəqil Azərbaycanın siyasi, iqtisadi, mədəni tərəflərini, eləcə də Yaponiya-Azərbaycan əlaqələri haqqında müxtəlif məlumatları əldə edə biləcəklər.

Böyük dövlət xadimi Heydər Əliyevin artıq 15 ildir ki, bizimlə birlikdə olmadığını təəssüflə qeyd edən yapon professor vurğulayıb ki, onun unudulmaz fəaliyyəti və töhfələri nə azərbaycanlıların, nə də Azərbaycana böyük marağı olan, bu ölkəni dost kimi sevən yaponların yaddaşından heç vaxt silinməyəcək.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.