SİYASƏT


Akkan Suver: Azərbaycan dövlətinin Qarabağda gördüyü işlər bu torpaqların əsl sahibinin kim olduğunu bir daha göstərdi

İstanbul, 13 oktyabr, AZƏRTAC

Azərbaycanın Qarabağ Zəfərindən bir il ötür. Başqa sözlə desək, otuz ilik həsrət bitdi. Halbuki, Azərbaycan Prezidenti İlham Əliyevin bu hadisələrdən bir il əvvəl Birləşmiş Millətlər Təşkilatının Nyu-Yorkda keçirilən toplantısındakı çıxışı Ermənistanın uzun illər həyata keçirdiyi hərbi təxribatların əks-hücumla nəticələnəcəyindən xəbər verirdi, artıq “bıçaq sümüyə dayanmışdı”. Bu çıxışı zamanı Azərbaycan Prezidenti Ermənistanın silahlandığını və bunun Azərbaycana qarşı növbəti təxribatlarla nəticələnə biləcəyini açıq-aydın ifadə etmişdi. Buna baxmayaraq, Ermənistan tərəfindən Azərbaycana qarşı təxribatlar davam etdi. Bunun nəticəsidir ki, Azərbaycan Prezidentinin bu tarixi sözləri həqiqətdə də öz əksini tapdı.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində “Mərmərə Qrupu” Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri professor Akkan Suver ifadə edib.

İkinci Qarabağ müharibəsini Ermənistan hakimiyyətinin düşünülməmiş və səhv siyasətinin nəticəsi kimi qiymətləndirən professor deyib: “2018-ci ildə Ermənistan qurulan yeni hakimiyyət böyük səhvlərə yol verdi. Bu səhvlərin ən başlıcası Azərbaycana qarşı törədilən təxribatlar oldu. İstər dinc əhalinin yaşadığı bölgələrin müxtəlif çaplı silahlardan atəşə tutulması, istər tarixi Azərbaycan şəhəri Şuşanın Cıdır düzündə keçirdikləri “şənlik” bu müharibəni alovlandıran əsas amillər oldu. Lakin dünyada böyük nüfuza sahib olan, hər il daha da inkişaf edən və güclənən Azərbaycanın qüdrətini görməzdən gələrək edilən bu səhvlər Ermənistanın diz çökməsi ilə nəticələndi. Halbuki, istər Azərbaycanın ümummilli lideri Heydər Əliyev, istərsə də Prezident İlham Əliyev hər zaman Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həllinin tərəfdarı olduqlarını bütün platformalarda dilə gətirib və bunun üçün əllərindən gələni əsirgəməyiblər. Ermənistanın bu səhvlərinin cəzasını isə indi yoxsulluq və xaos içində yaşayan erməni xalqı çəkir. Qeyd etmək lazımdır ki, bu məsələnin həllinə məsul olan ATƏT-in Minsk qrupu da münaqişənin nə sülh, nə də müharibə yolu ilə həlli üçün heç bir iş görmədi. Bütün bunların nəticəsində Azərbaycan öz torpaqlarını güc yolu ilə geri qaytarmaq məcburiyyətində qaldı”.

Hazırda işğaldan azad edilən ərazilərdə aparılan abadlıq-quruculuq işləri haqqında danışan Akkan Suver bildirib: “Qarabağın dirçəldilməsi istiqamətində Azərbaycan dövlətinin gördüyü işlər bu torpaqların əsl sahibinin kim olduğunu bir daha göstərdi. Heç kim öz evini dağıdıb viran qoymaz. İndi Azərbaycan erməni vandalları tərəfindən dağıdılan evlərini abadlaşdırır. Uzun illər davam edən həsrətin bitməsi və torpaqların öz sahibinə qovuşması münasibətilə bütün Azərbaycan xalqını təbrik edir, “Zəfərin mübarək, can Azərbaycan!” deyirəm”.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.