SİYASƏT


Akkan Suver: Tarixi, dini, dili, mədəniyyəti bir olan Türkiyə və Azərbaycan bütün dövrlərdə qardaşlıq nümayiş etdirib

İstanbul, 14 sentyabr, AZƏRTAC

1918-ci il sentyabrın 15-də Nuru paşanın komandanlığı altında Qafqaz İslam Ordusu başda Bakı olmaqla, Azərbaycanın bir çox bölgəsini erməni-daşnak və bolşevik birləşmələrindən xilas edib. 103 il əvvəl baş verən bu hadisə və ardından gələn Zəfər erməni zülmünün dünyaya çatdırılması baxımından böyük əhəmiyyət kəsb edir. Yaşadığımız coğrafiyada tarix boyu ermənilər tərəfindən bir çox qanlı terror aktları, soyqırımları törədilib. Osmanlı dövründən başlanan bu qanlı hadisələrə tarixin müxtəlif dövrlərində rast gəlmək olar. Buna 1918-ci ilin mart qırğınları, Azərbaycan ərazisinin 20 faizinin 30 ilə yaxın müddətdə işğal altında saxlanılması, yerli azərbaycanlıların öz yurd-yuvalarından didərgin salınması, bir çox bölgələrimizdə törədilən vandalizm aktları və bir sıra digər hadisələri misal göstərmək olar. Lakin Türkiyə və Azərbaycan daim birgə olaraq bütün bu hadisələrə lazımi cavabı verib. Tarixi, dini, dili, mədəniyyəti bir olan bu iki dövlətin bir milləti bütün dövrlərdə qardaşlıq nümayiş etdirib, bir-birinə arxa, dayaq olub.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində “Mərmərə Qrupu” Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri professor Akkan Suver ifadə edib.

Tarixin ən qanlı hadisələrindən olan 1918-ci il mart qırğını zamanı Nuru paşanın rəhbərliyi ilə Qafqaz İslam Ordusunun qardaş köməyinə gəlməsinin bu birliyin ən gözəl nümunələrindən biri olduğunu vurğulayan professor deyib: “Nuru paşanın rəhbərliyi ilə Qafqaz İslam Ordusunun Azərbaycana daxil olduğu gündən yerli əhali tərəfindən böyük sevinc və rəğbətlə qarşılanıb. Həmin hadisələr zamanı qardaş dəstəyi Azərbaycan xalqı üçün əvəzolunmaz idi. Bu birlik Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gün davam edən Vətən müharibəsində də özünü göstərdi. İstər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, istərsə də Türkiyənin dövlət rəsmiləri hər platformada daim qardaş Azərbaycanın yanında olduqlarını bütün dünyaya bəyan etdilər. İki ölkə Prezidentinin Azərbaycanın Zəfər paradında yan-yana durmasının doğurduğu qürur və fəxarət hissini isə sözlərlə ifadə etmək çətindir”.

Professor bildirib ki, tarixin müxtəlif dövrlərində hər sahədə özünü büruzə verən bu birlik bütün dünya üçün əsl örnəkdir.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.