REGİONLAR
Əkrəm Fətəliyev: İki ildən sonra ölkəmizə xaricdən ipəkqurdu toxumu gətirməyə ehtiyac qalmayacaq
Qax, 31 oktyabr, Mustafa Dadaşov, AZƏRTAC
Prezident İlham Əliyevin bölgələrə hər səfəri yeni-yeni obyektlərin, sosial infrastruktur layihələrinin, emalyönümlü müəssisələrin açılışı ilə yadda qalır. Dövlətimizin başçısının oktyabrın 28-29-da Qax və Şəki rayonlarına səfəri də istisna təşkil etməyib. Səfər zamanı dövlətimizin başçısı bu rayonlarda bir sıra obyektlərin açılışında iştirak edib, ictimaiyyət nümayəndələri ilə görüşüb, tövsiyələrini verib.
Qax rayonuna səfəri çərçivəsində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva yenidən qurulan Qax Damazlıq İpəkçilik Stansiyasının açılışında da iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri stansiyanın direktoru Əkrəm Fətəliyevlə görüşüb, müəssisənin gələcək fəaliyyəti barədə maraqlanıb.
Direktor bildirib ki, regionların sosial-iqtisadi inkişafının təmin olunması, kənd təsərrüfatının ənənəvi sahələrinin inkişaf etdirilməsi ölkə rəhbərliyinin daim diqqət mərkəzindədir. Prezidentin bilavasitə diqqət və qayğısı ilə tam şəkildə yenidən qurulan Qax Damazlıq İpəkçilik Stansiyası respublikamızda baramaçılığın və ipəkçiliyin inkişafına tezliklə öz töhfəsini verəcək.
İpəkçiliyin inkişafının təmin edilməsində barama toxumçuluğunun təşkilinin xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayan Əkrəm Fətəliyev deyib: “1997-ci ilədək respublikamızın barama zavodlarını və kümçüləri tut ipəkqurdu toxumu ilə bu stansiya təmin edirdi. Stansiyada hazırlanan elit ipəkqurdu toxumu barama zavodlarına göndərilir və ondan hibrid toxum əldə olunurdu. Məlum səbəblər üzündən stansiya uzun illər fəaliyyət göstərmədi. Son illər kümçülərin damazlıq barama toxumu ilə təmin edilməsi Çin Xalq Respublikasından alınaraq ölkəmizə gətirilən və bu stansiyada inkubasiyaya qoyulan toxumlardan alınan ipəkqurdu hesabına həyata keçirilir. Stansiya müasir standartlara uyğun yenidən qurulduqdan sonra daha xaricdən toxum gətirməyə ehtiyac qalmayacaq, bu işlər stansiyanın özündə təşkil olunacaq”.
Direktor bildirib ki, bu proses mərhələli şəkildə aparılacaq. Yaxın iki il ərzində stansiyada tut ipəkqurdu cins və hibridlərinin hazırlanması və çoxaldılması, bioloji və texnoloji göstəricilərinin yaxşılaşdırılması işləri həyata keçiriləcək. Kümçüləri təmin etmək üçün növbəti iki il ərzində Çin Xalq Respublikasından yenə də müqavilə əsasında müəyyən miqdarda hibrid ipəkqurdu toxumları alınaraq ölkəmizə gətiriləcək və bu stansiyada inkubasiyaya qoyulacaq. 2021-ci ildən etibarən isə Qax Damazlıq İpəkçilik Stansiyası barama toxumu zavodlarını və kümçüləri yerli istehsal hesabına elit və hibrid barama toxumları ilə tam şəkildə təmin edəcək.