İDMAN
Akrobatika gimnastlarımız "Minsk 2019"da üçüncü medalı qazanıblar
Bakı, 23 iyun, AZƏRTAC
İyunun 23-də "Minsk 2019"un üçüncü günündə akrobatika gimnastlarımız ikinci Avropa Oyunlarında üçüncü medallarını qazanıblar.
AZƏRTAC xəbər verir ki, akrobatika gimnastikası yarışındakı təmsilçilərimiz Ruhidil Qurbanlı və Abdulla Əl-Məşayxi cütlüyü qarışıq hərəkətlər üzrə qarışıq komandaların yarışında 29,540 xal toplayaraq oyunların gümüş medalına sahib olub.
Rusiyanı təmsil edən Viktoriya Aksenova - Kiril Startsev dueti 29,580 xalla ikinci Avropa Oyunlarının çempionu olub. Bürünc medala 29,420 xal toplayan Volna Melnik - Artur Belakurov cütlüyü (Belarus) layiq görülüb.
Xatırladaq ki, bu, Ruhidil Qurbanlı və Abdulla Əl-Məşayxinin "Minsk 2019"da üçüncü medallarıdır. İdmançılarımız ötən gün bir gümüş və bir bürünc medal qazanıblar.