CƏMİYYƏT


Aksiz markası ilə markalanmayan siqaretlərin realizə olunmasının qarşısı alınıb

Bakı, 19 avqust, AZƏRTAC

Aksiz markası ilə markalanmayan siqaretlərin realizə olunmasının qarşısı alınıb.

Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, Komitənin Əməliyyat-İstintaq Baş İdarəsinin Əməliyyat İdarəsinə müxtəlif yollarla ölkəyə gətirilən və Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan tütün məmulatlarının “Chevrolet Aveo” markalı avtomobillə paytaxtın Süleyman Rəhimov küçəsindəki köşklərdən birinə aparılması barədə məlumat daxil olub. Dərhal yaradılan əməliyyat qrupu qeyd olunan ünvanda müvafiq tədbirlər həyata keçirib. Avtomobildən düşərək köşkə daxil olan Azərbaycan vətəndaşının əlindəki torbaya baxış zamanı orada tütün məmulatlarının olduğu müəyyənləşdirilib. Daha sonra həmin şəxs avtomobildə və köşkdə də tütün məmulatlarının olduğunu etiraf edib. Yoxlama zamanı həmin şəxsin əlindəki torbadan, avtomobildəki çantadan, köşkün vitrinindən və divarında düzəldilən xüsusi saxlanc yerindən Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan 61 min 200 ədəd müxtəlif markalı siqaretlər, 1 ədəd karton qutuda qablaşdırılan Azərbaycan Respublikasına məxsus 110 ədəd aksiz markası və 4 ədəd ülgüc aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.