İQTİSADİYYAT
Aktauda Azərbaycan sərmayəsi hesabına transformator zavodu açılacaq
Bakı, 27 dekabr, AZƏRTAC
2018-ci ildə Aktauda Azərbaycan sərmayəsi hesabına iri transformator zavodu açılacaq.
AZƏRTAC khabar.kz saytına istinadla xəbər verir ki, bu barədə Azərbaycanın Aktaudakı baş konsulu Elxan Zeynalov Qazaxıstan və Azərbaycan arasında diplomatik münasibətlər yaradılmasının 25 illiyinə və Aktauda Azərbaycan baş konsulluğunun açılmasının 10 illiyinə həsr olunmuş tədbirdə bildirib.
Baş konsulun sözlərinə görə, bu, 1000 işçi yeri nəzərdə tutulmuş iri zavod olacaq. Zavodun tikintisinə 50 milyon dollar sərmayə qoyulub.
E.Zeynalov deyib: “Hər iki ölkə müxtəlif sahələrdə fəal əməkdaşlıq edir. Logistika, dəniz daşımaları, inşaat, kənd təsərrüfatı sahələrində də iqtisadi əlaqələr möhkəmlənir. Son illərdə Azərbaycan iş adamlarının Qazaxıstanın qərb vilayətlərində iqtisadiyyatın qeyri-xammal sahələrinə yatırdığı sərmayənin həcmi 300 milyon dollar təşkil edib. Hazırda Qazaxıstanda 800-dən artıq şirkət Azərbaycan kapitalı ilə fəaliyyət göstərir”.