SİYASƏT
Aktauda keçirilən anım mərasimində Ulu Öndərin Azərbaycan xalqı qarşısındakı xidmətlərindən danışılıb
Aktau, 10 dekabr, АZƏRTAC
Azərbaycanın Aktaudakı baş konsulluğu ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan anım mərasimi keçirib.
Mərasimdə Manqistau vilayətində fəaliyyət göstərən azərbaycanlıların “Dostluq” milli-mədəni cəmiyyətinin, Azərbaycanın Qazaxıstanda Biznes İnvestisiyası Assosiasiyasının (ABİA) üzvləri, Aktau şəhər Ş.Yesenov adına Kaspi Dövlət Texnologiya və Mühəndislik Universitetinin tələbələri iştirak ediblər.
Əvvəlcə Ulu Öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Azərbaycanın Aktau şəhərindəki baş konsulluğunun rəhbəri Elxan Zeynalov tədbirdə çıxış edərək görkəmli dövlət xadimi Heydər Əliyevin həyat və fəaliyyəti, onun müstəqil Azərbaycan Respublikasının qurulması və möhkəmlənməsində əvəzolunmaz xidmətləri, Ulu Öndərin əsasını qoyduğu siyasətin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ölkəmizin qazandığı nailiyyətlər barədə danışıb.
Azərbaycanlıların “Dostluq” milli-mədəni cəmiyyətinin üzvlərindən professor Yusif Quliyev, istefada olan mayor Bəxtiyar Məsimov çıxışlarında Ümummilli Liderin xaricdə yaşayan azərbaycanlılara göstərdiyi diqqət və qayğıdan danışıblar.
Çıxışlardan sonra Aktau şəhərinin 6 saylı məktəbində fəaliyyət göstərən, Azərbaycan dilini, ədəbiyyatını və tarixini tədris edən “Bazar günü” məktəbinin şagirdləri Ulu Öndərə həsr olunmuş şeirlər söyləyiblər.
Tədbirin sonunda Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş sənədli film nümayiş etdirilib.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Aktau