SİYASƏT
Aktauda keçirilən tədbirdə Heydər Əliyevin diaspor quruculuğu fəaliyyətindən bəhs edilib
Aktau, 12 dekabr, AZƏRTAC
Qazaxıstanın Aktau şəhərində fəaliyyət göstərən Ş.Yesenov adına Kaspi Dövlət Texnologiya və Mühəndislik Universitetində fəaliyyət göstərən Azərbaycan Respublikasının Tarixi və Mədəniyyətinin Tədqiqatı Mərkəzi ulu öndər Heydər Əliyevin vəfatının 11-ci ildönümü ilə bağlı tədbir təşkil edib.
Azərbaycanın Aktau şəhərindəki baş konsulluğunun dəstəyi ilə təşkil edilən tədbirdə universitetin tələbə və müəllimləri, Mangistau vilayətində fəaliyyət göstərən azərbaycanlıların “Dostluq” milli-mədəni cəmiyyətinin üzvləri və ziyalılar iştirak ediblər.
Baş konsul Rəşad Məmmədov çıxış edərək Heydər Əliyevin həyat və fəaliyyətindən, ölkəmizin müstəqilliyini bərpa etdikdən sonra beynəlxalq arenada layiqli yer tutmasında tarixi xidmətlərindən danışıb. O, Ulu Öndərin cəmiyyətin bütövləşməsi, azərbaycançılıq ideologiyasının milli həmrəyliyin aparıcı amilinə çevrilməsi istiqamətində gördüyü işlər, ötən əsrin 90-cı illərində ölkəmizin qarşılaşdığı ağır faciələrin dünya ictimaiyyətinə çatdırılması üçün həyata keçirdiyi diaspor və lobbi quruculuğu fəaliyyəti, xaricdə yaşayan həmyerlilərimizlə bağlı aparılan dövlət siyasəti və digər məsələlər barədə məlumat verib.
Digər çıxış edənlər dərin zəka, zəngin təcrübə və uzaqgörənliyə malik dövlət xadimi Heydər Əliyevin dünya miqyaslı siyasətçi olduğunu bildirib, onun Qazaxıstan-Azərbaycan münasibətlərinin inkişafında rolundan danışıblar.
Tədbirin sonunda Heydər Əliyevin həyat və fəaliyyəti, onun müasir Azərbaycanın qurulmasında və inkişafında xidmətləri haqqında sənədli film nümayiş olunub.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Aktau