CƏMİYYƏT
Aktauda şəhidlərimiz yad edilib
Bakı, 30 sentyabr, AZƏRTAC
Qazaxıstanın Aktau şəhərində 27 Sentyabr – Anım Günü ilə əlaqədar tədbir keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, ölkəmizin Aktaudakı baş konsulluğunda gerçəkləşdirilən anım tədbirində Mangistau vilayətində Azərbaycan diasporunun rəhbəri Şəmsəddin Hüseynov, Ş.Yessenov Universitetinin Beynəlxalq münasibətlər kafedrasının baş müəllimi, universitetdəki “Azərbaycan Mərkəzi”nin rəhbəri İlkin Orucov və universitetin birinci kurs tələbələri iştirak ediblər.
Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə torpaqlarımızın erməni işğalından azad edilməsi və ölkəmizin ərazi bütövlüyünün bərpa olunması uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən baş konsulluğun rəhbəri vəzifəsini icra edən Elmar Məmmədov 44 günlük Vətən müharibəsinin səbəblərinə diqqəti cəlb edib. Bildirilib ki, iki il əvvəl Ermənistanın ölkəmizə qarşı genişmiqyaslı hücumuna beynəlxalq hüquq normalarına uyğun olaraq Silahlı Qüvvələrimiz tərəfindən hərbi əməliyyatla cavab verilib. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuz qəsbkar Ermənistanın 30 ilə yaxın davam edən təcavüzünə və torpaqlarımızın işğalına son qoyub. Azərbaycan dövləti təkbaşına ərazi bütövlüyünü bərpa etməklə şəhidlərimizin qanını yerdə qoymayıb.