MƏDƏNİYYƏT
Aktrisa Naina İbrahimova: Sevimli peşəmə sadiq qalıram
Bakı, 23 mart, Ayişə Axundova, AZƏRTAC
Əməkdar Artist Naina İbrahimova martın 22-də Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına rəsm qalereyasında açılmış “Novruz bayramınız mübarək!” adlı sərgidə şəxsi foto-layihələrindən seçdiyi fotoşəkilləri təqdim edib. “Əsrlər boyu yaşayan gözəllik” və Maykl Cekson. Pop-musiqinin kralı - kraldan daha artıq” seriyalarına daxil olan fotoşəkillərdə aktrisa Marlen Ditrix, Merilin Monro, Maykl Cekson və Çarli Çaplin kimi meqa-ulduzların obrazlarını canlandırıb.
Budəfəki tədbirdə Naina İbrahimova “Zirvə” Ziyalılar Təşkilatı adından “İlin ən yaxşı aktrisası” nominasiyasında sertifikata layiq görülüb. N. İbrahimova AZƏRTAC-a eksklüziv müsahibəsində deyib: “Son illərdə mənim həmfikirlərimin bir qrupu ilə birgə təqdim etdiyim foto-layihələr böyük maraq doğurub. Marlen Ditrixə həsr edilmiş layihə bundan əvvəl Bakıdakı Azərbaycan-alman cəmiyyətinin mükafatına layiq görülüb. Mən dünya şöhrətli sevimli ulduzların obrazlarına çevrilərək onların həyatı haqqında daha çox şey öyrənirəm, mənəvi cəhətdən zənginləşirəm, aktyor bacarığımı təkmilləşdirirəm. Hazırda Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının səhnəsində dahi Nizaminin 870 illiyi şərəfinə litvalı teatr xadimləri tərəfindən hazırlanmış “Yeddi gözəl” tamaşasında iştirak edirəm”.