REGİONLAR


Aktrisa Zülfiyyə Əliyeva: Anladım ki, 30 illik əmək fəaliyyətim hədər getməyib... VİDEO

Gəncə, 6 dekabr, Elcan Məmmədov, AZƏRTAC

Mən teatra gələndə 16 yaşım var idi. Hər zaman balaca dostlarımızın qarşısında çıxış etmişəm. Onların gülüşü, sevinci bizim üçün ən böyük hədiyyə olub və biz bunun üçün yaşayırıq...

Bunu AZƏRTAC-ın bölgə müxbiri ilə söhbətində Gəncə Dövlət Kukla Teatrının istedadlı aktrisası Zülfiyyə Əliyeva deyib.

Zülfiyyə Əliyeva 1976-cı ildə Gəncə şəhərində anadan olub. Təhsilini Gəncə şəhər M.Ə.Sabir adına 5 sayılı orta məktəbdə alıb. 1993-cü ildən Poeziya Teatrında əmək fəaliyyətinə başlayıb. Qısa müddət sonra Gəncə Dövlət Kukla Teatrında işləyib. Deyir ki, burada kuklaların sehri onu valeh edib və sonrakı taleyi elə bura ilə bağlı olub: “Özüm uşaq təbiətli olduğuma görə Kukla Teatrının ab-havası məni özünə cəlb etdi. Cansız kuklalara can veririk. Elə ki, səhnənin arxasından uşaqların reaksiyasını eşidirik, sanki bizə dünyanı bağışlayırlar. Buranın çox sehrli aləmi var. Gənclər çox vaxt ali təhsilini bitirən kimi başqa teatrlara üz tuturlar. Demək istəyirəm ki, qorxmasınlar, hər birimiz gənclərə dəstək olmağa hazırıq”.

İstedadlı aktrisa bildirib ki, uşaqları aldatmaq çox çətindir. Həm də uşaqların daxili aləmi böyüklərdən fərqli olduğu üçün mütləq tamaşalar hazırlananda onların da fikirlərini əsas götürürlər. “Gərək elə oynayasan ki, özünü uşaqlara sevdirəsən, onların yaddaşında qalasan”, - deyir.

Yeri gəlmişkən, Xalq artisti, teatr və kino aktyoru, teatr rejissoru, Adana Çukurova Universiteti Dövlət Konservatoriyasının professoru Cahangir Novruzov bu günlərdə ölkə saytlarından birinə müsahibəsində Azərbaycan teatrının inkişafından, istedadlı kadrlardan danışarkən Zülfiyyə Əliyevanın adını çəkib, peşəkarlığına toxunub və Azərbaycan kinematoqrafiyasına onun simasını dəyərləndirməyi tövsiyə edib.

İstedadlı aktrisadan bu barədə fikrini öyrəndikdə usta sənətkarların onun, digər aktyor və aktrisalar haqqında dediklərinin onları daha da ruhlandırdığını söyləyib: “Xalq artistimiz Cahangir Novruzovun mənim haqqımda dediyi sözlərə çox sevindim. Cahangir Novruzov kimi sənətkarın istedadımı yüksək qiymətləndirdiyini oxuyanda anladım ki, 30 illik əmək fəaliyyətim hədər getməyib...”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.