İQTİSADİYYAT
Aktuarilər üçün “Həyat sığortası və pensiya” mövzusunda kurs təşkil edilmişdir
Bakı, 20 noyabr (AZƏRTAC). Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti (DSNX), Azərbaycan Aktuarilər Assosiasiyası və Beynəlxalq Aktuarilər Assosiasiyasının təşkilatçılığı ilə Bakıda “Həyat sığortası və pensiya” mövzusunda üçgünlük kurs təşkil edilmişdir.
DSNX-dan AZƏRTAC-a bildirmişlər ki, kursda Amerika Birləşmiş Ştatlarından və Böyük Britaniyadan olan mütəxəssislər mühazirə oxumuşlar. Kursda sığorta şirkətləri və bəzi dövlət orqanlarında aktuari kimi fəaliyyət göstərən mütəxəssislər, həmçinin Aktuarilər Assosiasiyasının təşkil etdiyi çox mərhələli kursları keçmiş tələbələr iştirak etmişlər.
Kurs əsasən aktuari etikası, sosial və təqaüd sığortası, aktuari hesabatları və s. mövzuları əhatə etmişdir.
Sonda iştirakçılara sertifikat verilmişdir.