ELM VƏ TƏHSİL
Aktyor sənəti üzrə qiymətləndirmə zamanı abituriyentin ixtisasa dair psixoloji imkanları da yoxlanılır

Bakı, 7 iyun, AZƏRTAC
Ümumi orta (9 illik) təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin bədii yaradıcılıq işi və aktyor sənəti ixtisaslarını seçən abituriyentlər ixtisas üzrə qabiliyyət imtahanı verirlər.
Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildirilib ki, qabiliyyət imtahanında müvafiq yaradıcılıq qabiliyyətlərinin yoxlanılması komissiyası (YQYK) tərəfindən abituriyentin ixtisasa dair psixoloji imkanları, bədii ifaçılıq bacarığı yoxlanılır.
Qabiliyyət imtahanının nəticəsi “məqbul”la qiymətləndirilir. “Məqbul” qiymət almaq üçün 10 ballıq şkala üzrə 5 və daha yüksək bal toplamaq lazımdır.
Göstərilən etüdlərdə abituriyentin ifaçılıq məharəti, səhnə diqqəti, emosional duyumu, inam hissi və aktyor temperamenti 2, aydın və səlis danışmaq bacarığı, sözü məntiqli ifa etmək qabiliyyəti 2, əsərlərin (şeir, təmsil, nəsr, dram əsərlərindən parçalar, monoloqlar) ifası zamanı ifaçılıq məharəti 2, ritm duyumu, plastik davranış, musiqini eşitmə və qavrama qabiliyyəti 2, ədəbi-ədəbi materialı təhliletmə bacarığı, obrazlı düşüncə tərzi, ixtisasa dair məlumatlılıq səviyyəsi, bədii zövqü, bilik və dünyagörüşü səviyyəsi 2 balla qiymətləndirilir.