MƏDƏNİYYƏT


“Akvarel” rəsm müsabiqəsinin yekun sərgisi açılıb

Bakı, 22 oktyabr, AZƏRTAC

Xətai Sənət Mərkəzində Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə keçirilən “Akvarel” rəsm müsabiqəsinin yekun sərgisi açılıb.

Dövlət Rəsm Qalereyasının direktoru Elnur Hüseynov bildirdi ki, cari ilin əvvəlində Azərbaycan rəssamlarının yüksək bədii dəyərə malik yeni akvarel (sulu boya) əsərlərinin üzə çıxarılması və nümayişi, bu sənətin gələcək inkişafı üçün stimul yaradılması məqsədilə rəssamlar arasında akvarel müsabiqəsi elan edilib. Müsabiqənin yekunu yay aylarına planlaşdırılsa da, kifayət qədər əsər təqdim edilmədiyi üçün müsabiqənin müddəti uzadıldı.

Mədəniyyət və Turizm Nazirliyinin sektorunun müdiri Qalib Qasımov müsabiqəyə təqdim olunan əsərlər arasında maraqlı nümunələr olduğunu diqqətə çatdırıb.

Bildirib ki, müsabiqəyə 450-dən artıq əsər təqdim edilib və 106 əsər seçilərək sərgiyə çıxarılıb. Bu əsərlərdən 13-ü mükafata layiq görülüb. Sektor müdiri seçilən rəsmlərin beynəlxalq sərgilərdə ölkəmizi təbliğ etmək səviyyəsində olduğunu deyib.

Müsabiqənin münsiflər heyətinin sədri Xalq Rəssamı Arif Hüseynov vurğulayıb ki, əsas məqsəd akvareli təmiz işləyən rəssamların əsərlərini seçmək idi. Rəssamlar bilirlər ki, ilk addımlarımızı akvarellə atırıq, sonra isə hər kəs öz yolunu seçir. Amma etiraf etməliyik ki, rəssamlıqda ən çətin yol akvarellə çəkilən əsərlərdir. Azərbaycan təsviri sənətində bu sahədə öz sözünü deyən rəssamlarımız az deyil. Onların davamçılarının əsərləri bu salonda nümayiş olunur.

Sonra müsabiqənin qalibləri mükafatlandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.