İDMAN
“Al Ain Open Chess” Beynəlxalq turnirində Azərbaycanın 24 şahmatçısı iştirak edəcək
Bakı, 6 dekabr, AZƏRTAC
Dekabrın 19-dan 27-dək Əl-Əyndə (Birləşmiş Ərəb Əmirlikləri) “Al Ain Open Chess” Beynəlxalq şahmat turniri keçiriləcək.
AZƏRTAC xəbər verir ki, İsveçrə sistemi üzrə 10 turdan ibarət olacaq turnirdə Azərbaycanın 24 nümayəndəsinin iştirakı planlaşdırılır. “Al Ain Open Chess” turnirində ölkəmizi qrossmeysterlər Rauf Məmmədov, Eltac Səfərli, Qədir Hüseynov, Nicat Abbasov, Ülvi Bacarani, Gülnar Məmmədova, beynəlxalq dərəcəli ustalar Zaur Məmmədov, Xəyalə Abdulla və başqaları təmsil edəcəklər.
“A” turnirində 24 ölkədən 109 iştirakçı, o cümlədən 53 qrossmeyster və 14 beynəlxalq dərəcəli ustanın iştirakı gözlənilir. Turnirin reytinq-favoriti Ukraynadan olan şahmatçı Yuri Kuzubovdur (2701).