“Al Arabia” Azərbaycan təbii qazının Avropaya çatması haqqında reportaj yayımlayıb
AzerTAg.az
Qahirə, 4 yanvar, AZƏRTAC
Nüfuzlu “Al Arabia” telekanalının iqtisadiyyat xəbərlərində Azərbaycan təbii qazının Trans-Adriatik qaz boru kəməri (TAP) vasitəsilə ilk dəfə Avropa bazarına nəql olunması barədə reportaj yayımlanıb.
AZƏRTAC xəbər verir ki, reportajda SOCAR-ın bəyanatına istinadla Azərbaycanın “Şahdəniz” yatağından hasil olunan təbii qazın Cənub Qaz Dəhlizinin (CQD) sonuncu seqmenti olan TAP vasitəsilə təxminən 3500 kilometr qət edərək dekabrın 31-də Avropaya çatdığı bildirilib. Qeyd olunub ki, CQD “Şahdəniz” yatağından başlayır və ilk dəfə olaraq Xəzərin enerji ehtiyatlarını birbaşa Avropa bazarlarına çatdırmaq üçün inşa olunub. Bu yataqdan CQD vasitəsilə regional və Avropa bazarlarına ildə 10 milyard kubmetr qaz ixracı nəzərdə tutulur.
Telekanalın reportajında SOCAR-ın prezidenti Rövnəq Abdullayevin və “Şahdəniz”in operatoru olan BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counzun əlamətdar hadisə münasibətilə açıqlamalarına da yer verilib.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə

Xəbərin mətnində orfoqrafik səhv var