SİYASƏT
“Əl Əyam” qəzeti: Azərbaycan Şərqin ilk demokratik respublikasının ildönümünü qeyd edir
Qahirə, 29 may, AZƏRTAC
Səudiyyə Ərəbistanının nüfuzlu “Əl Əyam” qəzetində Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfiri Şahin Abdullayevin “Azərbaycan Şərqdə ilk demokratik respublikanın 103-cü ildönümünü qeyd edir” sərlövhəli məqaləsi dərc edilib.
AZƏRTAC xəbər verir ki, məqalədə 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk parlamentli demokratik respublikanın elan edildiyi, Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) siyasi plüralizmə və çoxpartiyalı sistemə əsaslanan bir dövlət olduğu vurğulanır. Quruluşunun ilk günündən insanların bərabərliyi və xalq hakimiyyətinə arxalanan bu respublikada irqi, dini, etnik və sinfi zəmində ayrı-seçkilik aradan qaldırılıb, bütün vətəndaşlar üçün bərabər hüquqlar təmin edilib. Eyni zamanda, Şərqdə, həmçinin bəzi demokratik Qərb ölkələrindən əvvəl qadınlara seçki hüququ verilib. 1920-ci il yanvarın 11-də Paris Sülh Konfransında tanınan AXC dövlət quruculuğu, iqtisadiyyat, təhsil və digər sahələrdə də mühüm addımlar atıb, ABŞ, Avropa ölkələri və Rusiyada diplomatik nümayəndəliklər təsis edib.
Müəllif qeyd edir ki, 1920-ci il aprelin 28-də bolşeviklərin hərbi müdaxiləsi nəticəsində varlığına son qoyulsa da, AXC-nin milli dövlətçilik ideyası xalqın qəlbində yaşayıb. Müstəqillik ideyası 1991-ci ildə suveren Azərbaycan Respublikasının qurulması ilə nəticələnib və həmin il oktyabrın 18-də qəbul edilmiş Bəyannamə ilə mayın 28-i Respublika Günü elan edilib. Yenidən müstəqillik əldə edən Azərbaycanın torpaqlarının 20 faizinin Ermənistan tərəfindən işğalı və həmin dövrdə ölkədə yaranmış ağır böhran və xaos şəraitində Azərbaycan xalqı öz gələcəyini görkəmli dövlət xadimi Heydər Əliyevə etibar etdi.
Müəllif vurğulayır ki, Prezident İlham Əliyevin müdrik və uzaqgörən siyasəti nəticəsində 30 ilə yaxın Ermənistanın işğalı altında qalmış torpaqlarımız azad olunub, ərazi bütövlüyünü bərpa edən Azərbaycan Ermənistanın dağıtdığı və viran qoyduğu Qarabağda bərpa-quruculuq işlərinə başlayıb.
Yazıda qeyd olunur ki, müstəqillik illərində Azərbaycan İslam və ərəb ölkələri, ilk növbədə, Səudiyyə Ərəbistanı ilə dostluq əlaqələri qurdu, uğurlu əməkdaşlıq edir. Hazırda iki ölkə arasında əməkdaşlıq uğurla inkişaf edir, Səudiyyə Ərəbistanı rəhbərliyi və xalqı azərbaycanlı qardaşlarına səmimi münasibət göstərir. 1994-cü ildə dahi siyasətçi Heydər Əliyevin Krallığa ilk rəsmi səfəri zamanı imzalanmış sənədlər ikitərəfli əməkdaşlığın yeni mərhələyə yüksəlməsinə şərait yaratdı. Hazırda Azərbaycan-Səudiyyə Ərəbistanı Hökumətlərarası Birgə Komissiyası fəaliyyət göstərir, iki ölkə neft-qaz və kimya sənayesində uğurlu əməkdaşlıq edir. Ötən ilin yanvarında Krallığın ACWA enerji şirkəti ilə Azərbaycan Energetika Nazirliyi arasında 240 MV-lıq külək enerjisi layihəsinə dair sənəd imzalanıb. SOCAR və “Aramco” şirkətləri arasında da uğurlu əməkdaşlıq davam edir.
Məqalədə diqqətə çatdırılır ki, ortaq İslam irsi iki ölkə arasında əlaqələri daha da gücləndirir, azərbaycanlılar hər il Həcc ziyarətinə gedirlər. 2007-ci ilin noyabrında Ciddə və Dammam şəhərlərində Azərbaycan Mədəniyyəti, 2008-ci ilin iyununda Bakıda Səudiyyə Ərəbistanı Mədəniyyət günləri keçirilib. Son beş ildə turizm sektorunda da əməkdaşlıq güclənib. Belə ki, 2018-ci ildə Səudiyyə Ərəbistanından Azərbaycana 73 min, 2019-cu ildə isə 107 min turist gəlib.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə