MƏDƏNİYYƏT


“Əl-Bəyan” qəzetində dərc olunan müsahibədə Azərbaycan-BƏƏ turizm əlaqələrinin inkişafından danışılıb

Dubay, 5 fevral, AZƏRTAC

Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Bəyan” qəzetində Azərbaycanın Dubaydakı baş konsulu Cavidan Hüseynovun müsahibəsi dərc olunub.

AZƏRTAC xəbər verir ki, baş konsul Azərbaycan və BƏƏ arasında ticarət dövriyyəsinin həcminin 2018-ci ildə təxminən 49 milyon dollara çatdığını bildirərək, Dubay şəhərində Azərbaycan Ticarət Evinin açılmasından sonra iki ölkə arasında ticarət dövriyyəsinin həcminin daha da artacağına ümidvar olduğunu ifadə edib. O, turizmin iki ölkə arasında əlaqələrin simvolu olduğunu deyib.

Baş konsul bildirib ki, Dubayda Azərbaycan Ticarət Evinin açılışı BƏƏ-də Azərbaycan məhsullarının tanıdılmasını hədəfləyir və əsas məqsəd iki ölkə arasında ikitərəfli ticarətin həcminin genişləndirilməsidir.

Diplomat iki ölkə arasında turizm, kənd təsərrüfatı, investisiyaların qarşılıqlı təşviqi və qorunması, həmçinin gömrük, təhsil, informasiya-kommunikasiya texnologiyaları və mədəniyyət sahələri daxil olmaqla, müxtəlif sahələrdə səmərəli əməkdaşlıq olduğunu və bunun ötən müddətdə daha da möhkəmləndiyini bildirib. O vurğulayıb ki, möhkəm müqavilə-hüquq bazası yaradılıb, 30-dan çox sənəd imzalanıb, gələcəkdə bir sıra birgə layihələrin həyata keçirilməsi nəzərdə tutulur.

Baş konsul hazırda BƏƏ-də 7 min Azərbaycan vətəndaşının yaşadığını və işlədiyini, onların hüquqlarının qorunduğunu, layiqli yaşayış şəraitinin tam təmin edildiyini diqqətə çatdırıb. O əlavə edib ki, bu, BƏƏ-də mövcud olan tolerantlığın göstəricisidir və cəmiyyətin əsas dəyərlərindən biridir. Burada müxtəlif millətlərin nümayəndələri sülh və harmoniya içərisində yaşayır. Bu ölkədə Azərbaycan Respublikası da daxil olmaqla, bütün dünyadan olan iş adamları üçün yaradılmış əlverişli biznes mühiti və şərtlər iqtisadiyyatın və ticarət mübadiləsinin güclənməsinə imkan verir. Azərbaycan və BƏƏ bütün sahələrdə, o cümlədən turizm sahəsində əlaqələrin möhkəmləndirilməsində maraqlıdır. İkitərəfli əlaqələr, xüsusilə də turizm sahəsində əməkdaşlıq dərinləşir. Baş konsul Azərbaycan Prezidenti İlham Əliyevin iki ölkə arasındakı münasibətlərin möhkəmlənməsinə önəm verdiyini diqqətə çatdırıb.

Cavidan Hüseynov Azərbaycan hökuməti tərəfindən Birləşmiş Ərəb Əmirliklərinin vətəndaşları üçün, habelə 2018-ci il iyulun 26-dan etibarən BƏƏ-də yaşayan bütün rezidentlər üçün hava limanlarında viza əldə olunması rejiminin tətbiq edildiyini deyib. Əlavə edib ki, BƏƏ-dən turistlərin Azərbaycana axın etməsinin əsas səbəbləri Azərbaycanın bənzərsiz təbiəti, əlverişli iqlimi, İslam mədəniyyəti, oxşar adət-ənənələr, ölkəmizdəki qonaqpərvərlikdir.

Diplomat müsahibədə ölkələrimiz arasında təhsil sahəsində əməkdaşlıqdan da danışıb.

Asya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Dubay

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.