MƏDƏNİYYƏT


“Əl-Cəzirə” Azərbaycan musiqisinin simvolu olan tar barədə reportaj hazırlayıb VİDEO

Bakı, 7 oktyabr, AZƏRTAC

Qətərin Əl-Cəzirə Media Şəbəkəsinin nümayəndələri bir müddət öncə Beynəlxalq Avrasiya Mətbuat Fondunun təşkilati dəstəyi ilə Azərbaycanda səfərdə olub. Səfər çərçivəsində “Əl-Cəzirə” heyəti işğaldan azad edilən rayonları ziyarət edib.

AZƏRTAC xəbər verir ki, səfər müddətində Əl-Cəzirə Media Şəbəkəsinin əməkdaşı Omar Əl Hac Füzuli sakini, tar ustası Musa Yaqubovdan müsahibə alıb. M.Yaqubov tar hazırlanmasının sirlərini Omar Əl Hacla bölüşüb.

56 yaşlı tarzən Qarabağda Füzuli şəhərində anadan olduğunu, tar alətini hazırlamağı kiçik yaşlarında atasından öyrəndiyini deyir. Onun sözlərinə görə, atasına da tar hazırlamağı babası öyrədib.

O deyir ki, ən yaxşı tar aləti tut ağacından hazırlanır. Eyni zamanda, qoz və s. ağaclardan da hazırlana bilir: “Öncə uzunluğu 40 sm olan bir kötük parçası seçirik. Əvvəlcə çanaq üçün kötük tən ortadan bölünür. Düzbucaqlı formasında olan kötüyün özəyi təmiz yonulur. Daha sonra çanağın çöl hissəsi formaya salınır. Çanaq yonulduqdan sonra tam quruyanadək bir-iki il saxlanılır. Çanaq hazır olduqdan sonra bir tarın düzəldilməsinə bir ayadək vaxt sərf olunur”.

Musa Yaqubov qeyd edib ki, musiqi alətinin çanaq hissəsinin üzlüyü iribuynuzlu heyvanların ürəyinin pərdəsindən hazırlanır: “Yaxşı quru çanaqdan yaxşı tar çıxır. Mən bu sənəti çox sevirəm. Bu peşənin sahibləri irsi olaraq tarın hazırlanmasını öz övladlarına da öyrədirlər. Mən də bu sənəti oğluma və nəvələrimə ötürmək istəyirəm”.

Onun sözlərinə görə, simli alət olaraq tar Azərbaycanda ən qədim musiqi aləti hesab olunur: “Tar aləti Azərbaycan mədəniyyət simvollarından biridir. Tar aləti fabriklərdə konveyer üsulla deyil, əl ilə düzəldilir. Əl işi olaraq düzəldilmiş yaxşı tarın qiyməti təxminən 15 min dollardır”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.