MƏDƏNİYYƏT
“Əl-Hərir” informasiya portalında Varazqun məbədi haqqında AZƏRTAC-ın xəbəri yayılıb
Qahirə, 20 noyabr, AZƏRTAC
Böyük İpək Yolu şəbəkəsinin ərəb dilində informasiya yayan “Əl-Hərir” portalında Azərbaycan Mədəniyyət Nazirliyi tərəfindən “Qarabağ – mədəniyyətimizin beşiyi” adlı layihə çərçivəsində Varazqun məbədi haqqında AZƏRTAC-ın xəbəri yayılıb.
Xəbərdə qeyd olunur ki, Varazqun məbədi Laçın rayonu ərazisində yerləşən qədim alban abidəsidir. Abidə II-V əsrlərdə Qafqaz Albaniyası dövründə inşa edilib və dövrümüzə xarabalıqları qalıb. Məbədin ətrafında Varazxan adlanan kəndin xarabalıqları qalmaqdadır. Ehtimal olunur ki, məbədin ilk adı da elə Varazxan və ya Varazqun olmuşdur. Yüksək dağlıq ərazidə inşa edilən məbədin ərazisində VII əsrə aid qədim alban qəbiristanlığın qalıqları, həmçinin XVI əsrdə kəsilmiş Səfəvi dövlətinə aid sikkələr tapılıb.
Diqqətə çatdırılıb ki, sözügedən layihə Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində işğal edilmiş ərazilərdə dağıdılan, talan edilən mədəniyyət ocaqları, abidələr, tarixi-memarlıq nümunəsi olan tikililər, Azərbaycan xalqının Qarabağda saxtalaşdırmaya və mənimsənilməyə məruz qalan zəngin mədəni irsi ilə bağlı həqiqətlərin beynəlxalq səviyyədə ictimailəşdirilməsi məqsədilə həyata keçirilir. Layihə çərçivəsində mədəni irsimizə qarşı vandalizm aktları, əzəli yurd yerlərimizdəki abidələr, tarixi həqiqətlərin yerli və dünya ictimaiyyətinin diqqətinə çatdırılması üçün hazırlanan məlumatların müxtəlif dillərdə qlobal internet məkanında, o cümlədən sosial şəbəkələrdə yayılması nəzərdə tutulur.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə