İQTİSADİYYAT


Əl-Mazrui: Neftin qiymətini OPEK üzvləri deyil, bazar diktə edir

Əbu-Dabi, 9 yanvar, AZƏRTAC

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) energetika və sənaye naziri Süheyl Məhəmməd Fərəc əl-Mazrui bildirib ki, neftin qiymətinə “OPEK və onun üzvləri nəzarət etmirlər”, qiymətləri bazar özü “diktə edir”.

AZƏRTAC xəbər verir ki, nazirin sözlərinə görə, OPEK “neft bazarında həm istehlakçılar, həm də istehsalçılar üçün ədalətli, tarazlaşdırılmış vəziyyət yaratmağa çalışır və gələcəkdə istehsalın təmin edilməsi üçün zəruri olan trilyonlarla dollar sərmayə qoyulmasını təşviq edir”.

Nazir onun OPEK Konfransının prezidenti kimi səlahiyyət müddətinin başa çatması ilə əlaqədar dərc edilmiş bəyanatında qeyd edir ki, OPEK ilə bu təşkilata daxil olmayan tərəfdaşlar arasında qarşıdakı illərdə əməkdaşlığın davam etdirilməsi üçün 2018-ci ildə əldə edilmiş irəliləyiş, heç şübhəsiz, ötən ilin ən əlamətdar hadisələrindən olub. O vurğulayıb ki, dekabr ayında OPEK-in 175-ci Konfransında bu əlamətdar paktın imzalanması münasibətlərin bundan sonra da inkişaf etməsi və genişlənməsi yolunda mühüm addımdır.

Nazir bildirib ki, 50 ildən artıq müddətdə OPEK-in layiqli üzvü olan BƏƏ öz həmfikirləri və tərəfdaşları ilə həm bu təşkilat çərçivəsində, həm də onun hüdudlarından kənarda sıx əməkdaşlıq edir.

Əl-Mazrui OPEK ilə onun tərəfdaşları arasında 2016-cı ilin dekabr ayında imzalanmış “Əməkdaşlıq haqqında bəyannamə”ni istehsalın səviyyəsinə düzəliş edilməsi barədə könüllü saziş adlandırıb və bildirib ki, bu saziş ehtiyatların həddən çox yığılmasının qarşısını alacaq. Təşkilatın məqsədi həm istehsalçıların, həm də istehlakçıların mənafeyi naminə neft bazarında uzunmüddətli və davamlı sabitliyi təmin etməkdir.

Qeyd edək ki, Əl-Mazrui 2017-ci il dekabrın 1-də OPEK-in 173-cü iclasında 1 il müddətinə OPEK konfransının prezidenti vəzifəsinə seçilib.

Asya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Əbu-Dabi 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.