ELM VƏ TƏHSİL
Əl ilə göstərilən jestlərin tanınması problemləri istiqamətində araşdırmalar aparılır
Bakı, 30 noyabr, AZƏRTAC
Azərbaycan üçün milli jest dilinin korpusunun yaradılması və milli jestləri tanıyaraq mətnə, səsə və əksinə çevirən yeni metodların işlənib hazırlanması nəzərdə tutulur. Proqramlaşdırma sahəsində nailiyyətlər və daha təkmil texnologiyaların yaranması real vaxt rejimində hər millətin özünəməxsus olan jestlərinin avtomatik tanıma sistemlərinin işlənib hazırlanmasını zəruri edib.
AZƏRTAC xəbər verir ki, bu barədə İnformasiya Texnologiyaları İnstitutunun onlayn elmi seminarında baş mütəxəssis Kəmalə Qurbanova məlumat verib.
Qeyd olunub ki, cəmiyyətə inteqrasiya olmağın əsasını ünsiyyət faktoru təşkil edir. Eşitmə və nitq məhdudiyyətli insanların yeganə ünsiyyət vasitəsi jestlərdən ibarətdir. Bu insanların İKT-nin nailiyyətlərindən bəhrələnməsi cəmiyyətin qarşısında duran və mühüm əhəmiyyət kəsb edən məsələlərdəndir.
“Jestlərin tanınması texnologiyalarının yüksək dəqiqliklə nəticəyə nail olması üçün birləşmiş üsul prinsipindən istifadə daha məqsədəuyğundur”, - deyən məruzəçi bu məqsədlə “Kenni”, rəng seqmentasiyası və “Viola-Cons” və s. alqoritmlərindən istifadə edildiyini diqqətə çatdırıb.