REGİONLAR


Əl işləri ilə Azərbaycanı dünyaya tanıdan lahıclı misgər FOTO VİDEO

Tanınmış misgər: Bütün dünya bildi ki, misgərlik Lahıca məxsusdur

İsmayıllı, 30 sentyabr, AZƏRTAC

İsmayıllının Lahıc qəsəbəsində misgərlik sənəti qədimdən bu günə kimi qorunaraq saxlanılır. Lahıcın küçələrini dolaşdıqca misgərlik emalatxanaları və buradan eşidilən çəkic sədaları turistlərə və yerli sakinlərə xüsusi zövq verir.

Azərbaycanın misgərlik paytaxtı hesab olunan Lahıc qəsəbəsində yaşayan, eləcə də müxtəlif növ sənətkarlıq sahəsində çalışan ustalar kifayət qədərdir. Belə ustalardan biri Azərbaycanda, eləcə də, dünyanın bir çox ölkələrində əl işləri ilə tanınan misgər Nəzər Əliyevdir.

AZƏRTAC-ın müxbiri Lahıcda olub, onun emalatxanasına baş çəkib.

Bu sənət Nəzər Əliyevə ata-babasından yadigar qalıb. Hər gün səhər saatlarında evindən çıxaraq, daşla döşənən, tarixin sirlərini özündə saxlayan dar küçələrdən keçərək, öz kiçik emalatxanasına gəlir. İxtisasca riyaziyyat müəllimi olan Nəzər Əliyev 50 ildir həvəslə qədim sənətin sirlərini öyrənir, misdən hazırladığı saysız-hesabsız əl işləri ilə hər kəsin diqqətini cəlb edir. Ustanın sözlərinə görə, misgərlik sənəti digər sənət növləri ilə müqayisədə bir qədər fərqli fəaliyyət növüdür. Bu günə kimi misgərin hazırlayıb satışa çıxardığı ən bahalı əl işi 5000 manata satılıb.

Deyir ki, elə əşyalar var, onu bir dəfə düzəldə bilirsən, ikinci dəfə çalışsan da əvvəlki kimi alınmır.

Usta qədim əl işlərini daim araşdırır, onların bəzənməsində istifadə olunan milli ornamentləri müəyyənləşdirir və əl işlərində istifadə edir. Nəzər Əliyevin misdən hazırladığı dolça, sərnic, güyüm, aşsüzən, çıraq və başqa məmulatlar Orta Asiya, Dağıstan, Gürcüstan, İran, Türkiyə və digər ölkələrdə də tanınır. Onun ən uğurlu əl işlərindən biri isə Avstriyanın paytaxtı Vyana şəhərində keçirilmiş nar bayramında sərgilənən mis nar olub.

Dörd il əvvəl Lahıc misgərlik sənətinin UNESKO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilməsi bütün misgərlər kimi, Nəzər Əliyev üçün də xoş sürpriz olub: “Biz misgərlər bu sənətin UNESKO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilməsinə görə bu işdə əməyi olan Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti, UNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevaya ömrümüz boyu minnətdarıq. Bu, misgərlik sənətinə verilən ən böyük qiymətdir, həm də bütün dünya bildi ki, misgərlik Lahıca məxsusdur”.

Ötən il Lahıca təbii qazın verilməsi mərasimində iştirak edən Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı evində qonaq etdiyini xatırladan Nəzər Əliyev deyir: “Bakıda keçirilən tədbirlərin birində dövlət başçımızla görüşdüm. Prezidentimizi Lahıca, evimizə qonaq dəvət elədim. Cənab Prezident də dedi ki, mütləq sənin qonağın olacağam. Sağ olsun, ötən il Lahıca səfəri zamanı məni də unutmadı. Əvvəlcə emalatxanama, sonra evimə gəldi. Bu hisslər sözlə ifadə edilə bilməz. Bu, mənim və ailə üzvlərimin həyatında ən gözəl və ən unudulmaz hadisədir. Bu, həm də dövlət başçısının sənətə, sənətkara, kəndliyə, Lahıca, eləcə də vətəndaşa verdiyi ən yüksək dəyərin göstəricisidir”.

Turist səfərlərinin mövsümi xarakter daşıması Nəzər ustanın ailə biznesinə də öz təsirini göstərir. Bu sahədə fəaliyyətini genişləndirmək və ilboyu əl işlərinin hazırlanması ilə məşğul olub daha çox qazanc götürmək məqsədilə sənətkar ABAD-la da əməkdaşlıq edir.

Misgərin sözlərinə görə, hazırladığı əl işlərinə maraq göstərənlər daha çox xarici qonaqlar olur. Nəzər Əliyev deyir ki, nisbətən bahalı əl işlərini daha çox norveçli turistlər alır. Alman turistlər qiymət söhbəti etməyi xoşlamırlar. İsraildən və Polşadan olan turistlər daha çox klassik üslubda işlənən əşyaları alırlar. Bəzən əl işlərini dəyərindən ucuz satır. Çünki həmin əşyalar xarici ölkələrdə Azərbaycanı, İsmayıllını, Lahıcı tanıtdıracaq.

Nəzər usta misgərlik sənətinə o qədər vurğundur ki, günün necə keçdiyindən belə xəbəri olmur. Hər gün işlərini yekunlaşdırdıqdan sonra zahirən balaca, daxilən zəngin olan emalatxanasını tərk edərək, evinə üz tutur.

Azərbaycanın şimalında, Böyük Qafqaz dağlarının cənub yamacında, dəniz səviyyəsindən 1505 metr hündürlükdə yerləşən Lahıcda XVIII-XIX əsrlərdən misgərlik həmişə üstünlük təşkil edib. Lahıcda yaşayıb-yaradan misgərlərin, zərgərlərin, sərracların düzəltdikləri maddi-mədəniyyət nümunələri hazırda dünyanın ən məşhur muzey və kolleksiyalarını bəzəyir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.