ELM VƏ TƏHSİL
Əla təhsil neftçıxarmada müvəffəqiyyətin rəhnidir
Bakı, 19 aprel, AZƏRTAC
Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) bu ali məktəbin, Avropa Yer Elmləri və Mühəndisləri Assosiasiyasının (EAGE) Azərbaycan Bölməsi və Azərbaycan Neftçi Geoloqları Cəmiyyətinin birgə təşkilatçılığı ilə beynəlxalq tələbə və gənc tədqiqatçılar konfransı öz işinə başlayıb.
Universitetdən AZƏRTAC-a bildirilib ki, “Əla təhsil neftçıxarmada müvəffəqiyyətin rəhnidir” devizi ilə keçirilən konfransın məqsədi gənclərə öz ixtisasları üzrə peşəkar olub müasir texnologiyalarla ayaqlaşmağa kömək göstərməkdir.
SOCAR, BP, “Schlumberger”, “Total”, “Statoil” şirkətlərinin dəstəyi ilə keçirilən tədbirdə xarici ölkələrin ali təhsil müəssisələrindən məruzəçilər iştirak ediblər.
SOCAR-ın strateji inkişaf üzrə vitse-prezidentinin müşaviri Akif Nərimanov konfransın əhəmiyyətini qeyd edib.
ADNSU-nun elm və texnika işləri üzrə prorektoru, texnika elmləri doktoru Rauf Əliyarov universitetin tarixi haqqında məlumat verərək hazırda burada görülən işlərdən danışıb.
Aprelin 22-dək davam edəcək konfransda mövzu ilə bağlı məruzələr dinləniləcək.