ELM VƏ TƏHSİL
Əlaəddin Çələbinin “Kitabi-taci-ədəb” əsərinin tekstoloji tədqiqinə dair kitab çap olunub
Bakı, 5 aprel, AZƏRTAC
Akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun “Yazılı abidələrin tədqiqi və nəşri” şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru İnci Qasımlının “Əlaəddin Çələbinin “Kitabi-taci-ədəb” əsərinin tekstoloji tədqiqi və müqayisəli mətni” kitabı çapdan çıxıb.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, monoqrafiyada Əli ibn Hüseyn əl-Amasi Əlaəddin Çələbinin “Kitabi-taci-ədəb” əsərinin tekstoloji tədqiqi aparılıb. Kitabın “Əli ibn Hüseyn əl-Amasi Əlaəddin Çələbinin dövrü, mühiti, həyatı və yaradıcılığı” adlı birinci fəslində “Kitabi-taci-ədəb”in müəllifinin həyatı tədqiq edilir, onun yaradıcılıq fəaliyyəti dövrünün ədəbi mühiti barədə ətraflı məlumat verilir. “Klassik türk ədəbiyyatı və Əli ibn Hüseyn əl-Amasi Əlaəddin Çələbinin “Kitabi-taci-ədəb” əsəri” adlı ikinci fəsildə klassik türk nəsrinin inkişaf mərhələlərinin geniş aspektdə təhlili aparılır, əsərin ideya-tematik əsasları tədqiq edilir.
“Kitabi-taci-ədəb” əsərinin tekstoloji tədqiqi” adlı üçüncü fəsildə xronoloji ardıcıllıqla əsərin əlyazma nüsxələrinin elmi-paleoqrafik təsviri verilir, əsərin tekstoloji tədqiqi aparılır.