REGİONLAR


Əlahiddə Ümumqoşun Ordu Naxçıvanın keşiyində inamla dayanır

Naxçıvan, 25 iyun, AZƏRTAC

Bu gün ölkəmizin və muxtar respublikanın müdafiəsinin daha da gücləndirilməsində, təhlükəsizliyinin yüksək səviyyədə qorunmasında yeni bir tarixi dövrə qədəm qoyulub. Ordu quruculuğu sahəsində həyata keçirilən tədbirlər onu göstərir ki, Əlahiddə Ümumqoşun Ordu bu gün qədim Naxçıvanın keşiyində inamla dayanır, muxtar respublikanın müdafiəsində ona həvalə edilmiş missiyanı şərəflə yerinə yetirir.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu fikirlər 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə Naxçıvan Dövlət Universitetində keçirilən tədbirdə səsləndirilib.

Tədbirdə çıxış edən universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov ulu öndər Heydər Əliyevin 1998-ci il mayın 22-də imzaladığı Fərmanla iyunun 26-nın Silahlı Qüvvələr Günü elan olunduğunu qeyd edib. Bildirib ki, Azərbaycanda güclü, qüdrətli və yüksək döyüş hazırlığına malik ordu yaradılması Ümummilli Liderimizin adı ilə bağlıdır. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində son illərdə ordunun döyüş qabiliyyəti daha da yüksəlib, maddi-texniki bazası möhkəmləndirilib, Azərbaycan Ordusu regionun ən qüdrətli ordusuna çevrilib və hər an düşmənə layiqli cavab vermək əzmindədir. 2016-cı ilin Aprel döyüşlərində ordumuzun böyük zəfəri, 2018-ci ilin may ayında Əlahiddə Ümumqoşun Ordu tərəfindən Şərur rayonunun Günnüt kəndi və ətrafındakı mühüm strateji əhəmiyyətli yüksəkliklər daxil olmaqla, 11 min hektar ərazinin düşməndən azad edilməsi Silahlı Qüvvələrimizin gücünün və qüdrətinin göstəricisi kimi dəyərləndirilib.

Bədən tərbiyəsi və idman kafedrasının müəllimi Nazim Həsənov “Ulu öndər Heydər Əliyev və ordu quruculuğu” mövzusunda çıxışında vurğulayıb ki, ölkədə peşəkar ordu quruculuğunun əsası 1993-cü ilin sonlarında qoyulub. Ordu quruculuğu sahəsində Ulu Öndərin strateji siyasətini uğurla həyata keçirən Prezident İlham Əliyevin fərman və sərəncamları ilə ölkədə müasir hərbi sənaye kompleksinin yaradılması, Silahlı Qüvvələr üçün kadr hazırlığının təkmilləşdirilməsi prosesi uğurla həyata keçirilir.

Tədbirdə tələbələr ordumuza həsr edilmiş şeirlər söyləyiblər. Sonda “Heydər Əliyev irsində hərb tarixi” adlı sənədli film nümayiş olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.